Accessibility links

Bəzi müsəlman ölkələrindən adamların ABŞ-a gəlməsinə məhdudiyyətlər qoyulacaq


Qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə Birləşmiş Ştatlarla Meksika arasındakı sərhəddə divarın inşasına dair sərəncam imzalayan prezident Donald Tramp habelə bir sıra müsəlman ölkələrindən insanların ABŞ-a gəlməsinə qadağa qoyan qanun imzalamağı planlaşdırır.

"Bu, terrorla əlaqəsi olan və insanları buraya gələrək bizə böyük problemlər yaradan ölkələrdir," deyə. cənab Tramp ABC telekanalına bildirib.

Bu, terrorla əlaqəsi olan və insanları buraya gələrək bizə böyük problemlər yaradan ölkələrdir

Donald Trampın bu layihəsi ilə tanış olanların dediyinə görə, həmin sərəncama əsasən İraq, İran, Liviya, Suriya, Somali, Sudan və Yəməndən olan insanların azı 30 gün ərzində Amerikaya girişinə qadağa qoyulacaq.

Özünün seçki kampaniyası zamanı cənab Tramp bütün müsəlman ölkələrindən olan insanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyacağını desə də, sonradan bunun terrorla əlaqəsi olan ölkələrə şamil ediləcəyini deyib.

Müsahibə zamanı ona Əfqanıstan, Pakistan və Səudiyyə Ərəbistanı haqda nə düşündüyü ilə bağlı sual verəndə, o, həmin ölkələrdən olan insanların ciddi yoxlanışdan keçəcəklərini bildirib. Qadağa həm də ölkələrində dini zəmində təqiblərə məruz qalan insanlara da aid ediləcək.

Sərəncam ABŞ-a hər hansı qaçqın buraxılmasına dörd ay moratorium qoyulmasını nəzərdə tutur.

XS
SM
MD
LG