Accessibility links

Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini deyib


ABŞ prezidenti Donald Tramp əsrlər boyu hakimiyyətin bir administrasiyadan digərinə dinc yolla ötürülməsinin əlamətdar xüsusiyyəti olan ənənəni pozaraq cümə günü Twitterdə yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyini yazıb.

Tərəfdarlarının ABŞ Kapitoli binasına hücumundan iki gün sonra Tramp "20 Yanvardakı İnauqurasiyaya getməyəcəyəm" deyə yazıb.

Bundan bir gün əvvəl isə Tramp yayımladığı video müraciətində vəzifəsində qaldığı müddət ərzində "hakimiyyətin nizamlı və problemsiz bir şəkildə" Baydenə ötürüləcəyinə söz verib.

Tramp Endrü Consondan bəri inaqurasiya mərasiminə qatılmayan ilk prezident olacaq. Conson da 152 il əvvəl xələfinin andiçmə mərasimində iştirak etməmişdi.

Cümə axşamı Baydenin bu ay vəzifəyə başlayacağını etiraf etməsinə baxmayaraq, Tramp ikinci vəzifə müddətinin ondan oğurlandığını israr etməkdə davam edir. Keçmiş baş prokuror Vilyam Barr da daxil olmaqla onun administrasiyasındakı rəsmilər Trampın qalib gəlməsinin qarşısını alan əhəmiyyətli seçici saxtakarlığına dair bir dəlilin olmadığını təsdiqləyib.

Vitse-prezidentə yaxın mənbələrə istinadla verilən məlumata görə, Mayk Pensin inauqurasiyada iştirak edəcəyi gözlənilir. Trampın ən yaxın tərəfdarlarından olan Mayk Penslə münasibətlərində bu həftə açıq şəkildə gərginlik yaranıb.

Tramp indi Pensin Konqresin seçki nəticələrini təsdiqləməsinə maneə törətmədiyi üçün ona xəyanət etdiyinə inanır.

Baydenin keçid komandası Trampın bu açıqlamasına dərhal şərh veməsə də, həftələrdir insanları koronavirus böhranının pisləşməsi səbəbindən Vaşinqtondakı tədbiriə şəxsən qatılmamağa çağırır.

Tramp tərəfdarları tərəfindən çərşənbə günü Kapitoli binasına edilən hücumdan sonra Baydenin andiçmə mərasimi üçün təhlükəsizliyin xüsusilə yüksək səviyyədə olacağı gözlənilir.

Tramp son günlərini Ağ Evdə necə keçirəcəyinə dair heç bir məlumat verməyib.

Baydenin andiçməsinə iki həftədən az bir müddət qalmış Konqresdəki Demokratlar getdikcə artan təzyiqlə Trampın vəzifəsini davam etdirməyə uyğun olmadığını bildirərək səlahiyyət müddəti bitmədən əvvəl onu vəzifəsindən kənarlaşdırmağa məcbur edilməsinə çağırış edir.

XS
SM
MD
LG