Accessibility links

Tramp Böyük Britaniyanı Avropa Birliyi ilə Brexit danışıqlarında sərt xətt tutmağa çağırıb


ABŞ prerzidenti Donald Tramp Böyük Britaniyanı Avropa Birliyi ilə Brexit danışıqlarında sərt xətt tutmağa və istədiyini ala bilməyəcəyi halda danışıqlardan heç bir şərtsiz çıxmağa çağırıb.

Bu barədə AzadlıqRadiosu iyunun 2-də Times qəzetinə istinadla məlumat verir.

Tramp həmçinin deyib ki, o, Boris Consonun Britaniyanın növbəti baş naziri olmasını dəstəkləyir.

ABŞ prezidentinin iyunun 3-də Böyük Britaniyaya rəsmi səfəri gözlənir.

Tramp iyunun 1-də dərc edilmiş yazıda qəzetə deyib ki, Britaniyanın növbəti baş naziri Avropa Birliyindən çıxmaq üçün milyardlarla funt-sterlinq vəsaiti ödəməkdən imtina etməlidir. Və əgər Brüssel Britaniyanın tələblərini qəbul etməsə, danışıqlardan çıxmalıdır.

Tramp mayın 31-də də The Sun qəzetinə müsahibəsində də Boris Consonun baş nazirliyə əla seçim olduğunu demişdi.

Qeyd edək ki, baş nazir Tereza Mey iyunun 7-də istefa verməlidir.

Müxalifətdə olan Leyborist partiyasından Ceremi Korbin isə Consonu dəstəkləməsinə görə, Trampı tənqid edib və onu Böyük Britaniyanın işlərinə qarışmaqda günahlandırıb.

Baş nazir Tereza Mey Brekzit-Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı Brüssellə danışıqlarda əldə etdiyi razılaşmaya ölkə parlamentində dəstək ala bilmədiyindən mühavizəkarlar partiyasının sədrliyindən gedib.

Növbəti naziri mühavizəkarlar seçməlidir və bunun üçün ümummilli seçki lazım deyil.

Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Prosedur qaydaya əsasən Britaniya 2019-cu il martın 29-da Avropa Birliyindən çıxmalı, bundan sonra isə 2020-ci ilədək keçid dövrü olmalı idi.

Avropa Birliyi ilə baş nazir Mey sonda məsələ ilə bağlı razılığa gəlsələr də, Britaniya parlamenti Meyın planını qəbul etmir. Parlament hesab edir ki, bu həddən çox yumşaq variantdır və Britaniyaya sərf etmir.

Son rəy sorğularına görə, əgər Brexit-lə bağlı Britaniyada təkrar referendum keçirilsə, sakinlərin çoxu indi ölkənin Avropa Birliyində qalmasına səs verərdi.

XS
SM
MD
LG