Accessibility links

Donald Tramp federal məhkəmə qarşısına çıxdı


ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini aradan qaldırmaq ittihamları ilə üzləşmək üçün cümə axşamı Vaşinqtonda federal məhkəmənin ilkin iclasında iştirak edib.

Ona qarşı irəli sürülən ittihamları rəsmən rədd edən Trampın ilkin məhkəmə proseduru 27 dəqiqə çəkib. Prosedurda Trampın barmaq izlərinin götürülməsi də daxil olmaqla, qəbul prosesindən keçməsi və günahsız olduğunu bəyan edəcəyi gözlənilirdi.

Cümə axşamı məhkəmə prosesi ərəfəsində məhkəmə binasının ətrafındakı ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

"Bu, Amerka üçün çox kədərli bir gündür," deyə sabiq prezident Vaşinqton şəhərini tərk etməzdən öncə hava limanında müxbirlərə bildirib, və əlavə edib ki, ona qarşı irəli sürülən ittihamlar siyasi təqibin tərkib hissəsidir.

Mühakiməyə Vaşinqton Dairə Hakimi Tanya Çutkan rəhbərlik edir. Ötən aylarda hakim Çutkan 2021-ci il 6 yanvar iğtişaşlarında iştirak etmiş bir neçə Tramp tərəfdarına hökm oxuyub.

"Aydın edilməlidir ki, hakimiyyətin dinc şəkildə ötürülməsini dayandırmaq cəhdi və hüquq-mühafizə orqanlarına fiziki hücum etmək müəyyən cəza ilə qarşılanacaq," hakim Çutkan 2021-ci ilin noyabrında bildirib.

Nyu Cersiyə qayıtmazdan öncə Vaşinqton aeroportunda qısa açıqlama verən Donald Tramp ona qarşı 2020-ci ildəki seçkilərin nəticələrini aradan qaldırmaq ittihamları üzrə məhkəmə prosedurunu siyasi təqib kimi təsvir edib. 3 avqust, 2023. (AP Photo/Alex Brandon)
Nyu Cersiyə qayıtmazdan öncə Vaşinqton aeroportunda qısa açıqlama verən Donald Tramp ona qarşı 2020-ci ildəki seçkilərin nəticələrini aradan qaldırmaq ittihamları üzrə məhkəmə prosedurunu siyasi təqib kimi təsvir edib. 3 avqust, 2023. (AP Photo/Alex Brandon)

Böyük münsiflər heyəti bu həftə Trampı ABŞ-da fırıldaq məqsədli konspirasiyada iştirak edib, başqalarının haqlarını təhlükə altında qoyub, Konqresin rəsmi prosedurunu və ABŞ seçkilərinə nəzarət edən elektoral kollegiyanın prosedurunu pozmağa cəhddə ittiham edib.

Prokurorluq iddianamədə Trampın dəfələrlə həqiqətə uyğun olmadığını bildiyi seçki saxtakarlığı iddialarını səsləndirdiyini, ştat seçki rəsmilərinə və o zamankı vitse-prezident Mayk Pensə Trampı hakimiyyətdə saxlamaq üçün hərəkətə keçmələri üçün təzyiq etdiyini bildirib.

6 yanvar 2021-ci ildə Konqres üzvləri seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşarkən Tramp tərəfdarlarından ibarət bir dəstə Kapitoliyə hücum etmişdi.

Tramp bu ittihamları rədd edib. Vəzifədən getdikdən sonra o, dəfələrlə 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edib və ona qarşı aparılan araşdırmaları siyasi motivli hesab edib. O, 2024-cü il prezident seçkilərində Respublikaçıların namizədliyi üçün əsas namizəd olaraq qalır.

Tramp artıq daha iki cinayət işində özünü təqsirli bilməyib.

O, başqa bir federal məhkəmədə Floridadakı mülkündə məxfi məlumatları qanunsuz olaraq saxlamaqda və hökumətin sənədləri geri qaytarmaq tələblərindən imtina etməkdə ittiham olunub.

Tramp Nyu-York ştatında da 2016-cı il prezidentlik kampaniyası zamanı porno aktyora susmaq qarşılığında ödəniş etməsi ilə bağlı biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunub.

Forum

XS
SM
MD
LG