ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Undan “xoş” məktub aldığını bildirib. Tramp, Kimin həmin məktubda iki ölkə arasında münasibətlərin inkişafı üçün ABŞ liderinin göstərdiyi səyləri vurğuladığını deyib.
Tramp məktubun şəklini və məktubun tərcüməsini Twitter vasitəsilə paylaşaraq əlavə edib ki, Şimali Koreyadan olan bu məktub “böyük tərəqqinin əldə edildiyini” göstərir.
Bu məktub Şimali Koreyanın cümə axşamı ABŞ rəsmiləri ilə planlaşdırılan görüşə qatılmadığı gün açıqlanıb. Həmin görüşdə, 1950-ci illərdə Koreya Müharibəsi zamanı həlak olan amerikalıların qalıqlarının qaytarılması müzakirə edilməli idi. Bu görüşün baş tutmaması iki ölkə arasında gərginliyin artmasının yeni işarə kimi qiymətləndirilir.
Cənubi Koreya Xarici İşlər nazirliyi bildirib ki, Şimali Koreyanın hərbi rəsmiləri bazar günü müharibədə həlak olanların qalıqlarının qaytarılmasını müzakirə etmək üçün yeni görüşün keçirilməsini istəyirlər.