Accessibility links

Sorğu: Trampın populyarlıq reytinqi düşüb


Yeni sorğu ABŞ prezidentinin popuyarlıq reytinqinin yaz aylarından sonra daha da düşərək, 36 faizə endiyini göstərir.

Washington Post qəzeti və ABC News tele şirkətinin keçirdiyi sorğuya əsasən, Donald Trampa dəstək səviyyəsi aprel ayında 42 faizdən 36 faizə enib. Bununla yanaşı, prezidentin işindən narazı olanların sayı 58 faizə çatıb. Respondentlərin 48 faizi prezidentin işindən “son dərəcə narazı” olduqlarını bildirib.

Washington Post qəzetinin bildirdiyinə görə, keçmiş prezidentlər Bill Klinton və Barak Obamanın reytinqi heç vaxt bu həddə düşməyib və yalnız Corc Buş oğul ikinci dönəm hakimiyyətdə olduğu zaman belə reytinqə malik olub.

ABŞ əhalisinin demək olar yarısı-48 faizi hesab edir ki, Trampın prezidentliyi dövründə ölkənin dünyada mövqeyi zəifləyib. Əhalinin yalnız 27 faizi Amerikanın gücləndiyini düşündüyünü bildirib.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Almaniyada Hamburqda Böyük 20-lərin sammiti çərçivəsində görüş zamanı
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Almaniyada Hamburqda Böyük 20-lərin sammiti çərçivəsində görüş zamanı

Rusiya və etibar

Amerikalıların 48 faizi Trampın xüsusilə də Rusiya prezidenti Vladimir Putinlə danışıqlarına dair suala cavab verərkən Trampa “ümumiyyətlə, inanmadıqlarını” bildirib.

Sorğu The New York Times qəzetinin Donald Tramp oğulun və onun atasının prezident kampaniyasının bəzi rəsmilərinin demokrat namizəd Hillari Klinton haqda kompromat informasiya ötürməyə söz verən rusiyalı vəkillə görüşü haqda məlumat verməsindən sonra keçirilib.

Sorğuda iştirak edən 10 amerikalıdan 6-sı bu görüşün yersiz olduğunu hesab etdiyini bildirib. Sorğu iştirakçılarının dörddə biri isə bunu məqsədəuyğun hesab edib. Respublikaçıların demək olar yarısı da görüşün məqsədəuyğun olduğunu bildirib.

Prezident seçilmiş Donald Tramp dekabr ayında İndiana ştatının İndianapolis şəhərində Carrier zavodunu ziyarət edən zaman
Prezident seçilmiş Donald Tramp dekabr ayında İndiana ştatının İndianapolis şəhərində Carrier zavodunu ziyarət edən zaman

İqtisadiyyat

Trampın iqtisadi təklifləri ilə bağlı sorğu iştirakçılarının fikirləri demək olar bərabər şəkildə bölünüb. Respondentlərin 43 faizi prezidentin iqtisadi təkliflərini bəyəndiyini, 41 faizi isə bəyənmədiyini bildirib. Tramp eyni zamanda, sorğu iştirakçılarının Demokrat partiyasının sadəcə prezidentə müxalif olmaqdan başqa heç bir məsələ ilə məşğul olmadığı haqda fikirlərindən də yararlanıb.

Donald Trampın prezidentliyinin bu şəkildə qiymətləndirilməsi Obama və Buşun prezidentliyindən fərqlənir. Hər iki keçmiş prezidentin hakimiyyətdə olduğu bu dövrdə populyarlıq reytinqi 59 faiz təşkil edib.

Washington Post qəzeti yazır ki, Trampın populyarlıq reytinqi keçmiş prezident Bill Klintonun 1993-cü il iyun ayında popuyarlıq reytinqinin 43 faiz olduğu dövrə bənzəyir. Klinton fevral ayında vergilərin artırılması planını elan etmişdi və Ağ Evin səfərlərlə məşğul olan şöbəsinin əməkdaşlarını işdən çıxardığına görə tənqidlərlə qarşılaşmışdı.

XS
SM
MD
LG