ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS cümə axşamı bildirib ki, ABŞ prezidenti Donald Trampın təhdidləri İsraili Qəzza zolağında atəşkəs razılaşmasından imtina etməyə təşviq edir.
Bu şərhlər Trampın HƏMAS-ın Qəzzada saxlanılan qalan girovları azad etmədiyi təqdirdə “cəhənnəm bədəli ödənməli olacaq” deməsindən bir gün sonraya təsadüf edib.
“Girovların hamısını sonra deyil, indi azad edin və öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün bu SONDUR”, Tramp “Truth Social” platformasında yazıb.
“Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm, əgər siz mənim dediyimi etməsəniz, heç bir HƏMAS üzvü təhlükəsiz olmayacaq”, Tramp əlavə edib.
Atəşkəsin birinci mərhələsi şənbə günü başa çatıb. Onun çərçivəsində HƏMAS 33 israilli və beş taylandlı girovu, İsrail isə 2000-ə yaxın fələstinli məhbusu azad edib.
Ağ Ev çərşənbə günü HƏMAS ilə birbaşa danışıqlar apardığını təsdiqləyib. Məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, danışıqlarda əsas diqqət hələ də Qəzzada saxlanılan amerikalı girovların azad edilməsinə yönəlib.
Ağ Evin mətbuat katibi Karolayn Levit danışıqları “Amerika xalqı üçün doğru olanı etmək üçün yaxşı niyyət səyi” kimi qiymətləndirib.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyanatda bildirib ki, İsrail “HƏMAS ilə birbaşa danışıqlara dair mövqeyini ABŞ-a çatdırıb”.
Qəzzada müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə təxminən 1200 adamın ölümü və 250 nəfərin girov götürülməsinə səbəb olan hücumu ilə başlayıb. Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada həyata keçirdiyi əks-hücum nəticəsində 48,400-dən çox fələstinli həlak olub.
Forum