Accessibility links

"Parlamentdə türk adına həssaslıq var amma biz sözümüzün üstündəyik."


Urmiyə millət vəkilləri

Keçən günlərdə Təbriz millət vəkili Şəhabəddin Bimiqdar Türk Bölgələri Fraksiyasının yerinə başqa bir layihənin gündəmə alındığını açıqlamışdı. Amma Urmiyə millət vəkilləri Türk Fraksiyasına qarşı həssaslıqlara baxmayaraq fəaliyyətə davam edəcəklərini ifadə edirlər.

Urmiyədə fəaliyyət göstərən Yol Press media qrupu mövzu ilə bağlı Urmiyənin hər üç millət vəkilinə müraciət edib.

Yol Press-in veb səhifəsi və Telegram kanalında yayımladığı məlumata əsasən, muhafizəkar millət vəkili Nadir Qazipur fraksiyanın fəaliyyətə davam etdiyini söyləyib.

Şəhabəddin Bimiqdar, deputat
Şəhabəddin Bimiqdar, deputat

Digər mühafizəkar millət vəkili Ruhullah Həzrətpur parlamentdə “Türk” adına həssaslığın olmadığını bəyan edərkən, islahatçı vəkil Hadi Bahadıri “Türk” adına qarşı həssaslıqların mövcud olduğunu, amma buna baxmayaraq fraksiyanı ayaqda tutmağa çalışdıqlarını ifadə edib.

Türk adına qarşı həssaslıqlar yaranıb amma biz sözümüzün üstündəyik. Fraksiyanın adı Türk Bölgələri Fraksiyasıdır.
Hadi Pahadıri, deputat

​“Fraksiyanın adı Türk Bölgələri Fraksiyasıdır. Biz sözümüzün üstündəyik,” deyə Hadi Bahadıri söyləyib.

Bu açıqlamalardan sonra Təbrizin islahatçı millət vəkili Bimiqdar deyib ki: “Məclisin başqanlıq heyəti fraksiyanın fəaliyyətinə icazə verməyib. Buna görə, bəzi millət vəkilləri həssaslıqları aradan qaldırmaq üçün fraksiyanın adının Şimal-Qərb Vilayətləri Fraksiyası olmasını təklif edirlər. Əlbəttə mən bunu qəbul etmirəm.”

Amma muhafizəkar vəkil Ruhullah Həzrətpur başqanlıq heyətinin Türk Fraksiyasının fəaliyyətinə icazə verdiyini irəli sürür.

Türk Bölgələri Fraksiyası ilə bağlı ziddiyyətli açıqlamalar yayımlanarkən, fraksiyanın başqanı Məsud Pezeşkiyan və sözçüsü Zəhra Sai indiyədək hər hansı bir izahat verməyiblər.

Urmiyəli vəkillər həmçinin Həsən Ruhaninin məclisə təqdim etdiyi yeni nazirlər siyahısı haqqında danışıblar. Həzrətpurun bildirdiyinə görə, “yeni kabinetdə Azərbaycanın sərhəd vilayətlərindən olan türk siyasətçilərə yer verilməyib, amma digər vilayətlərdən olan bir neçə türk nazirin adı siyahıda mövcuddur.”

XS
SM
MD
LG