Accessibility links

Türkiyə-Suriya sərhədində güclü zəlzələ 3300-dən çox insanın həyatına son qoyub


Bazar ertəsi səhər saatlarında baş verən 7,8 bal gücündə zəlzələ Türkiyə və Suriyanın şimalında 3300-dən çox insanın həyatına son qoyub. Dağıntılar altında sağ qalanların axtarışına başlanıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) verdiyi məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 2316 nəfərə, xəsarət alanların sayı isə 11 mindən çoxdur nəfərə çatıb. Agentliyin rəhbəri Orhan Tatarın bildirdiyinə görə, zəlzələ nəticəsində 2834 bina dağılıb.

Suriya səhiyyə rəsmiləri hökuməti nəzarətində olan və üsyançıların nəzarətində olan ərazilərdə azı 1073 nəfərin öldüyü bildirir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu səhər saatlarından əvvəl baş verən ilk zəlzələdən sonra 20-dən çox yeraltı təkan olduğunu deyib. O, zəlzələnin Türkiyənin azı 10 vilayətində hiss olunduğunu, özü və digər kabinet üzvlərinin həmin ərazilərə getdiyini bildirib.

Zəlzələnin episentri Türkiyə-Suriya sərhədinə yaxın, əsas sənaye və istehsal mərkəzi olan Qaziantep yaxınlığında yerləşib. Zəlzələ tarixi Antep qalasını və bölgədəki bir çox tarixi binanı dağıdıb.

ABŞ prezidenti Türkiyə və Suriyadakı zəlzələdə ölənlərin ailələrinə başsağlığı verib

Prezident Co Bayden bazar ertəsi deyib ki, onun administrasiyası dağıdıcı zəlzələdən sonra ölkəyə təcili yardım göstərmək üçün Türkiyə rəhbərliyi ilə sıx əməkdaşlıq edir.

Bayden bildirdiyinə görə, onun göstərişi ilə ABŞ təcili olaraq Türkiyə hökuməti ilə əlaqə saxlayıb və lazımi yardımı koordinasiya edib.

"Bizim komandalarımız Türkiyənin axtarış-xilasetmə səylərini dəstəkləmək, zəlzələdən zərər çəkmiş və məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq üçün çox sürətlə səfərbər olub. ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar da Suriyadakı dağıntılarla ılaqələnir" - deyə, prezident Baydenin Ağ Evin açıqladığı bəyanatında bildirilib.

"Yaxınlarını itirənlərə, yaralananlara, evləri və iş yerləri dağılanlara dərin hüznlə başsağlığı veririk" deyib Bayden.

Azərbaycan Türkiyəyə mobil səhra hospitalı göndərir

Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə Türkiyəyə göndəriləcək.

Azərbaycan təyyarəsi Türkiyəyə kömək aparıb (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Azərbaycan təyyarəsi Türkiyəyə kömək aparıb (Foto Fövqəladə Hallar Nazirliyinindir)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarələrdən biri ilə nazirliyin hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.

“Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında nazirliyin peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq”, məlumatda qeyd edilir.

Nazirlik həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələr olan ikinci təyyarəni də Türkiyəyə göndərib.

Azərbaycan Türkiyəyə 400 nəfər çevik xilasedici göndərib

Baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Azərbaycan Türkiyəyə çevik xilasedicilər göndərib
Azərbaycan Türkiyəyə çevik xilasedicilər göndərib

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasetmə qüvvələrinin tərkibinə Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Nazirliyin məlumatına görə, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də ən qısa zamanda Türkiyəyə yola düşəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinə ünvanladığı başsağlığında deyilir ki, Azərbaycan bu ağır məqamda hər cür yardım göstərməyə hazırdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb.

“Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905325776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər”, nazirliyin məlumatında deyilir.

Ceyhun Bayramov Çavuşoğluna başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ceyhun Başramov türkiyəli həmkarına zəng vuraraq Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir, yaralıların tezliklə sağalmasını arzulayıb.

Ceyhun Bayramov Azərbaycanın Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Öz növbəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Amerikanın Səsinə deyib ki, xəsarət alanların arasında Azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır. Bu istiqamətdə müvafiq iş aparılır.

Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, zəlzələ zamanı xəsarət alan və evləri dağılan Azərbaycan vətəndaşları ilə bağlı məlumatlar var. Ancaq səfirlik xəsarət alan vətəndaşların sayı və kimliyi barədə məlumatları hələ dəqiqləşdirməyib.

XS
SM
MD
LG