Accessibility links

Avropa Rusiya qazından asılılıqdan qurtarmağa çalışdıqca, Türkiyənin tranzit ölkə kimi əhəmiyyəti artır


Rusiyanın Avropaya təbii qaz tədarükünü məhdudlaşdırdığı bir zaman Avropa İttifaqı alternativ mənbələr axtarmağa çalışır. Avropa İttifaqı boşluğu doldurmaq üçün Azərbaycan kimi qaz təminatçılarını axtarır. Türkiyə isə bu qış Avropada işıqların və sobaların işləməsində mühüm rol oynamağa hazırlaşır.

Avropa İttifaqının qarşısında Rusiya qazını əvəz etmək üçün böyük vəzifə durur. 2021-ci ildə Moskva qitənin qaz təchizatının təxminən yarısını təmin edib.

Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon Der Leyenin iyul ayında Azərbaycanın paytaxtı Bakıya səfəri zamanı bəyan etdiyi kimi enerji baxımından zəngin Azərbaycan bu çatışmazlığı aradan qaldırmağa yardım edə biləcək ölkələrdən biridir.

"Buna görə də Avropa İttifaqı Rusiyadan uzaqlaşmaq və daha etibarlı, etibarlı tərəfdaşlara üz tutmaq qərarına gəlib. Mən sevinirəm ki, onların sırasında Azərbaycan da var. Siz həqiqətən bizim üçün mühüm enerji tərəfdaşısınız və siz həmişə etibarlı olmusunuz" - deyə, o bildirib.

Bakı artıq Avropaya tədarükünü təxminən üçdə bir dəfə artırıb. Qaz Türkiyədən Yunanıstana, oradan da Avropanın boru kəmərləri şəbəkəsi ilə birləşən Tanap boru kəməri ilə çatdırılır.

"Kısa Dalğa" xəbər portalının analitiki İlhan Üzgelin qeyd etdiyi kimi bu fakt Türkiyəni Avropanın enerji gələcəyində mühüm oyunçuya çevirir.

"Bütün boru kəmərləri Türkiyədən keçir və onlar Avropa kəmərinə birləşir, o, bu mənada tranzit ölkədir. Onlar Türkiyənin enerji mərkəzinə çevrilə biləcəyinə dair çoxlu planlar hazırlayır. Uzun illərdir ki, biz bu ritorikanı eşidirik, lakin həyata keçirilmir" - deyə, Üzgel bildirib.

Enerji qovşağı qazı müxtəlif alıcılara sataraq, anbar obyektləri və enerji mübadiləsinə çevrilmək imkanı olan paylama mərkəzidir.

Türkiyənin tranzit ölkə kimi əhəmiyyəti artmaqda davam edir. Türkmənistanın böyük qaz ehtiyatları həm də Avropaya potensial əhəmiyyətli qaz təchizatıdır. Həmin qaz Azərbaycan və Türkiyənin Tanap kəməri ilə Qərbə nəql edilə bilər.

Enerji eksperti və Türkiyənin Qətərdəki keçmiş səfiri Mithat Rendenin dediyinə görə, Türkiyə boru kəmərlərini artırmaq üçün layihələr nəzərdən keçirir.

"Layihələrdən biri Tanapın cənub qaz dəhlizinin imkanlarının artırılması ola bilər ki, bu, iki ildən az müddətdə reallaşa bilər. İkinci layihə İraq qazının İraqın şimalından gətirilməsi ola bilər və orada təxminən 200 kilometr boru kəməri çəkilməlidir. Ona görə də bu, o qədər də böyük bir məsələ deyil, lakin o zaman İraqdakı federal hökumətin dəstəyinə ehtiyac olacaq" - deyə, Mithat bildirib.

Tədarük dəyişikliyinə uyğunlaşmaq üçün artıq Avropa qaz kəməri infrastrukturunu yenidən qurur. Yunanıstan və Bolqarıstan arasında boru kəmərinin açılış mərasimində iştirak edən Fon Der Leyen bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

Yunanıstan-Bolqarıstan boru kəməri Türkiyə ərazisindən nəql olunan Azərbaycan qazı ilə təmin edilir.

Avropa Rusiya qazından asılılıqdan qurtulduqca, ən azı ortamüddətli perspektivdə enerji baxımından tranzit ölkə kimi Türkiyədən daha çox asılı olacaq. Bəzi müşahidəçilər Avropa İttifaqının Ankara ilə son gərgin münasibətlərini nəzərə alaraq, bunun da öz çətinliklərini yarada biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG