Accessibility links

Almaniya zəlzələ qurbanlarının bəziləri üçün viza şərtlərini yüngülləşdirəcək


Almaniya hökumət Türkiyə və Suriyadakı zəlzələdən sonra evsiz qalan və ya xəsarət alan, habelə Almaniyada yaxın qohumları olan vətəndaşlar üçün viza məhdudiyyətlərini müvəqqəti olaraq yüngülləşdirmək istəyir.

Almaniyanın daxili işlər naziri Nenci Fayzer şənbə günü Tvitter hesabında "Bu, ehtiyac olduğu an yardım deməkdir. Biz Almaniyadakı türk və ya suriyalı ailələrin fəlakət bölgəsindən yaxın qohumlarını gətirmələrinin mümkün olmasını istəyirik" yazıb.

"Onlar bizdə sığınacaq tapa və müalicə oluna bilərlər. Bu, tez bir zamanda verilən və üç ay müddətinə etibarlı olan adi vizalardır” - deyə, Fayzer bildirib.

Bununla belə, adi viza prosedurunun bütün tələblərindən imtina edilmir. Müraciət edənlər hələ də etibarlı pasport təqdim etməlidirlər ki, bu, çökən binalardan qaçan insanlar üçün maneə ola bilər.

Almaniyada bir neçə milyon türk köklü insan yaşayır. Belə ki, 60 il əvvəl Qərbi Almaniya ölkənin iqtisadi inkişafı üçün Türkiyədən və başqa yerlərdən "qonaq işçilər" cəlb edirdi.

Vətənlərindəki qohumları üçün narahat olan Almaniya türkləri və suriyalı mühacirlər yardım toplayır, ianə göndərir. Dağılmış bölgələrdən yaxın ailə üzvlərini qəbul etmələrinə icazə verilməsi ilə bağlı çağırışlar artmaqda davam edir.

Almaniya hökuməti çox sərt və bürokratik viza şərtlərini tez bir zamanda yüngülləşdirəcəyini bildirib və əlavə edib ki, Xarici İşlər Nazirliyi Türkiyədəki viza qəbulu mərkəzlərində işçilərini artırıb.

Almaniyanın "dpa" xəbər agentliyinin bildirdiyinə görə, Almaniyada sığınacaq üçün üç aylıq vizaya müraciət etmək istəyən zəlzələ qurbanları Almaniyada vətəndaşlığı və ya daimi yaşayış hüququna malik yaxın ailə üzvlərinin olduğunu sübut etməlidir.

XS
SM
MD
LG