Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin İsraillə HƏMAS arasında müharibə ilə bağlı mövqeyinə qarşı artan tənqidlər fonunda HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyə və onun nümayəndə heyətini keçən həftə sonu İstanbulda qarşılayıb.
Görüşdən sonra mətbuat konfransı keçirilməyib. Ərdoğanın ofisi Qətərdə mühacirətdə yaşayan Haniyə ilə müzakirə olunan mövzularla bağlı açıqlama yayıb.
Açıqlamaya görə, Ərdoğan və HƏMAS lideri “İsrailin Fələstin ərazisinə, xüsusilə də Qəzzaya hücumları, Qəzzaya humanitar yardımın lazımi və fasiləsiz çatdırılması, bölgədə ədalətli və davamlı sülh prosesinin təmin edilməsi üçün atılmalı olan addımları müzakirə edib."
Ərdoğan həmçinin fələstinlilərin birlik içində hərəkət etməsinin vacibliyini vurğulayıb və bunu "İsrailə ən güclü cavab və qələbəyə birlik və bütövlükdən keçən yol" adlandırıb.
Ərdoğanın hakim "Ədalət və İnkişaf Partiyası" (AKP) tərəfindən başqa bir açıqlamada görüşdə silahlı qruplaşmanın əsas üzvləri də daxil olmaqla, HƏMAS nümayəndə heyətinin iştirak etdiyi deyilib.
Haniyənin səfəri Ərdoğanın İsrail-HƏMAS müharibəsi ilə bağlı mövqeyinin və Fələstin xalqına verdiyi dəstəyin keçən ay yerli seçkilərdə üçüncü olan İslamçı "Yeni Rifah Partiyası" tərəfindən şübhə altına alındığı bir vaxta təsadüf edib.
Aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi Türkiyədə artan boykot çağırışlarına cavab olaraq, bir neçə məhsulun İsrailə ixracına məhdudiyyətlər qoyulduğunu elan edib.
Bəzi analitiklər Ərdoğanın Haniyə ilə görüşünün onun bazasını möhkəmləndirmək məqsədi daşıdığını düşünür.
"İsraillə ticarətin üzə çıxmasından sonra AKP və Ərdoğan Fələstin məsələsində son vaxtlar çox yorulub", Yaxın Şərq üzrə ekspert Erhan Kelesoğlu İstanbuldan Amerikanın Səsinə deyib.
"HƏMAS liderləri ilə görüş əslində prezidentə [Ərdoğana] ictimaiyyət qarşısında imicini yeniləmək imkanı verir. Bu, onun Fələstin və HƏMAS-ın arxasında olduğunu göstərir", Keleşoğlu əlavə edib.
Aprelin 17-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada Haniyə ilə görüşüb.
Daha sonra Qətərli həmkarı Şeyx Məhəmməd Bin Əbdülrəhman Əl-Tani ilə birgə mətbuat konfransında Fidan HƏMAS-ın Fələstin dövlətinin 1967-ci il sərhədləri ilə yaradılmasını qəbul etdiyini bildirib.
"Onlar mənə dedilər ki, Fələstin dövləti qurulduqdan sonra HƏMAS-ın silahlı qanadına ehtiyacı olmayacaq və onlar siyasi partiya olaraq fəaliyyətlərini davam etdirəcəklər" - deyə, Fidan bildirib.
Aprelin 20-də keçirilən görüşdən sonra İsrailin xarici işlər naziri İsrael Katz X hesabında Ərdoğanın Haniyə ilə əl sıxışdığı fotonu paylaşıb.
Katz türk dilində "Ərdoğan, ar olsun" yazıb və "Müsəlman Qardaşları" tərəfindən törədilən "zorlama, qətl və cəsədlərə hörmətsizlik" iddialarını sadalayıb.
HƏMAS əvvəllər Ərdoğanın "Ədalət və İnkişaf Partiyası"nın da dəstəklədiyi "Müsəlman Qardaşları" qrupunun islamçı ideologiyasını bölüşür.
Forum