Accessibility links

İstanbulda partlayış zamanı 8 nəfər ölüb, 81 nəfər yaralanıb


Türkiyənin Anadolu dövlət xəbər agentliyinin ölkənin daxili işlər nazirinə istinadən bildirdiyinə görə, bazar günü İstanbulun məşhur ticarət mərkəzində baş verən partlayışda əli olmaqda şübhəli bilinən 22 nəfəri həbs edilib. Həbs edilənlərdən birinin bombanı mərkəzə yerləşdirən şəxs olduğu güman edilir.

"Bizim qənaətimiz bundan ibarətdir ki, ölümcül hücumun sifarişi PKK/YPG-nin Suriyanın şimalında yerləşdiyi Əyn Əl-Ərəb qərargahından gəlib" - deyə, Süleyman Soylu bildirib.

Kürdüstan Fəhlə Partiyası və ya PKK kürd separatçılarının silahlı təşkilatıdır.

Soylu partlayış nəticəsində 8 nəfərin öldüyünü, 81 nəfərin yaralandığını bildirib. Yaralılardan 50-si artıq xəstəxanalardan evə buraxılıb. Lakin reanimasiya şöbəsində saxlanılan 5 nəfərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Daxili işlər naziri deyib ki, Türkiyə "bu dəhşətli terror aktına görə məsuliyyət daşıyanlara lazımi cavab verəcək".

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Türkiyəyə qarşı terrorla məşğul olanların keçmişdə məğlub olduqlarını və gələcəkdə də məğlub olacaqlarını bildirmişdi. Ərdoğan partlayışdan bir neçə saat sonra G-20 sammitində iştirak etmək üçün Baliyə gedib.

Türkiyə, ABŞ və Avropa İttifaqı PPK-nı terror təşkilatı olaraq tanıyır. Xalq Müdafiə Birliyi (YPG) isə onun Suriyadakı qoludur.

XS
SM
MD
LG