Accessibility links

Finlandiya və İsveçin diplomatik nümayəndələri Türkiyə rəsmiləri ilə NATO təkliflərini müzakirə edəcək


Finlandiyanın xarici işlər naziri Pekka Haavisto
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya və İsveçin diplomatik nümayəndələri mayın 25-də Ankarada iki ölkənin NATO-ya üzvlük haqda müraciətləri ilə bağlı danışıqlar aparmaq üçün Türkiyə rəsmiləri ilə görüşəcəklər.

İsveç və Finlandiyanın hərbi alyansa qoşulmasına qarşı çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də iki ölkə liderləri ilə telefon danışığı keçirib və narahatlıqlarını müzakirə edib.

Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı Haavisto bunları deyib: "Biz nümayəndə heyətlərimizi Ankaraya səfər etmək üçün göndəririk. Bu, sabah baş verəcək, ona görə də dialoq davam edir".

Ərdoğan iki Şimali Avropa ölkəsinin Suriyada qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və YPG-yə işarə edərək, “terror təşkilatlarına” dəstək verdiyinə görə onların üzvlüyünə qarşı olduğunu bildirib.

"Biz başa düşürük ki, Türkiyənin terrorla bağlı bəzi təhlükəsizlik narahatlıqları var. Düşünürük ki, bu məsələləri həll etmək olar. Eləcə də birbaşa Finlandiya və İsveçlə deyil, NATO-nun digər üzvləri ilə əlaqəli bəzi məsələlər də ola bilər" – deyə, Haavisto bildirib.

NATO rəhbəri Yens Stoltenberq mayın 24-də alyansın İsveç və Finlandiyanı üzv kimi qəbul edə biləcəyinə əmin olduğunu bildirib.

Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya əsassız müdaxiləsi əks nəticə verərək, onun istədiyinin əksi ilə nəticələndi.

"O, sərhədlərində daha az NATO olmasını istəyirdi və müharibəyə başladı. İndi o, sərhədlərində daha çox NATO və daha çox üzv əldə edir" – deyə, Stoltenberq bildirib.

XS
SM
MD
LG