Accessibility links

Türkiyədə miqrant qaçaqmalçılığı ilə məşğul olanlar həbs edilib


Türkiyədə 5-i xarici olmaqla, miqrant qaçaqmalçılığında əli olan 39 nəfər polis tərəfindən saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Onun sözlərinə görə, 26 nəfər həbs edilib, azad edilən 13 nəfər məhkəmə nəzarətinə götürüləcək.

Nazirin sözlərinə görə, əməliyyatlar Antalya, Muğla, İzmir və Balıkesir vilayətlərində keçirilib.

Ölkədə qeyri-qanuni miqrantların müəyyən edilməsi üçün reydlər prezident seçkilərindən sonra başlayıb və bu gün də davam edir. İstanbulda qeyri-qanuni miqrantlara qarşı hər gün reydlər keçirilir. Mətbuat təkcə Türkiyənin paytaxtında polis əməkdaşlarının gündə yüzlərlə insanı saxladığını yazır. Saxlanılanlar arasında Orta Asiya ölkələrinin vətəndaşları da var.

Əli Yerlikaya analoji reydlərin ölkənin bütün vilayətlərində keçirildiyini bildirərək, ölkədə qeyri-qanuni miqrasiya probleminin həllinin idarənin prioritet məsələlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, son iki ayda Türkiyədə qeyri-qanuni mühacirlərin saxlanması ilə bağlı 2548 əməliyyat keçirilib və bu əməliyyatlar zamanı 35 mindən çox qeyri-qanuni miqrant saxlanılıb ki, onlardan 17 mindən çoxu artıq ölkədən çıxarılıb.

Azadlıq radiosunun Özbək xidməti son həftələr keçirilən reydlər zamanı saxlanılanlar arasında Özbəkistan vətəndaşlarınin da olduğunu təsdiqləyib. Xidmətin dediyinə görə, son həftələr sosial şəbəkələrin Özbəkistan seqmentində Türkiyəyə işləməyə gedən, sonra isə itkin düşən özbəklərlə bağlı xəbərlər tez-tez yayılır. Onlar saxlanılaraq deportasiya düşərgələrinə göndərilərkən mobil telefonları əllərindən alınıb. Jurnalistlərin fikrincə, reydlər xüsusilə Orta Asiyadan çox sayda insanın işlədiyi, eləcə də tekstil sexlərinin yerləşdiyi İstanbulun Aksaray, Laləli və Kumkapı rayonlarında daha çox keçirilib.

"Hazırda polislər daha çox mülki geyimdə gəzir. Kimliksiz (Türkiyə şəxsiyyət vəsiqəsi) olmayanları saxlayıb, Yenikapı metrosunun yanında avtobusa mindirirlər. Sonra hamını yığıb aparıblar. Təkcə qeyri-qanuni miqrantlar deyil, onlarla sənədi olmayan Türkiyə vətəndaşları da saxlanılır" - deyə, Kumkapıda ayaqqabı satan özbəkistanlı miqrant bildirir.

Forum

XS
SM
MD
LG