Accessibility links

Kürd militantlar Türkiyə polisinə hücum edib, sonra intihar ediblər


Türkiyənin daxili işlər nazirinin bildirdiyinə görə, kürd militantları olmaqda şübhəli bilinən iki nəfər Türkiyənin cənubunda polisə atəş açıb və daha sonra özlərini partladaraq öldürüb. Hücum nəticəsində bir polis məmuru həlak olub, ikinci zabit və bir mülki vətəndaş yaralanıb.

Daxili işlər naziri Süleyman Soylu jurnalistlərə bildirib ki, hücum bazar ertəsi axşam Aralıq dənizi sahilində Mersin vilayətinin Mezitli rayonunda fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan iki qadın tərəfindən həyata keçirilib.

Soylu mehmanxananın təhlükəsizliyi qoruyan polisə atəş açıldığını, nəticədə onlarla polis və hadisə yerinə gələn bir qrup gecə mühafizəçisi arasında qarşıdurma yarandığını deyib.

“Qarşıdurma zamanı qadın terrorçular yaralanıb. Atışma davam edərkən iki partlayış səsi eşidilib. Onlar yaralı olduqları üçün qaça bilməyəcəklərini başa düşüb və özlərini (öldürüb)” - deyə, nazir bildirib.

Soylu atışma zamanı hadisə yerinə yaxın balkonda oturan qadının güllə yarası aldığını deyib. Onun sözlərinə görə, nə qadın, nə də ikinci polis məmuru ciddi xəsarət almayıb.

Militant qrup heç bir şərh verilməyib.

PKK Türkiyə, Avropa və ABŞ-da terror təşkilatı kimi tanınır. Təşkilat 1984-cü ildən Türkiyə dövlətinə qarşı silahlı üsyana rəhbərlik edir və o vaxtdan bəri münaqişə on minlərlə insanın ölümünə səbəb olub.

Dövlət və PKK arasında kövrək atəşkəs və sülh danışıqları 2015-ci ilin yayında iflasa uğrayıb.

XS
SM
MD
LG