Accessibility links

Keçmiş Respublikaçı senator ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərilib


Prezident Co Bayden ABŞ-ın Ankaradakı səfiri vəzifəsinə keçmiş senator Ceff Fleykin namizədliyini irəli sürüb. Respublikaçı olmasına baxmayaraq, 2020-ci il prezident seçkilərində Demokrat Baydeni dəstəkləyən Fleyk 2013-2019-cu illərdə ABŞ Senatında Arizona ştat ını təmsil edib və 2001-2013-cü illərdə Nümayəndələr Palatasının üzvü olub.

Fleyk sabiq prezident Donald Tramp administrasiyası və Respublikaçılar Partiyasının siyasətini əsas gətirərək 2019-cu ildə Senatdan istefa vermişdi. Təqaüddən sonra Ceff Fleyk Trampı tənqid etdiyi "Mühafizəkarın vicdanı" adlı kitab yazmışdı.

"Bu təyinatla Bayden administrasiyası Amerika xarici siyasətinin və diplomatiyasının ən yaxşı ənənəsini bir daha təsdiqləyib: ikipartiyalı siyasətin daxili bir məsələ olaraq qalması və digər ölkələrlə münasibətlərə müdaxilə etməməsi lazım olduğuna inam. Amerika xarici siyasəti tərəfsiz ola bilər və olmalıdır. Bu mənim inancım və eyni zamanda öhdəliyimdir” - deyə, sabiq Respublikaçı senator namizəd göstərilməsinə münasibət bildirib.

Fleyk Baydenə dəstək olduqlarını bildirən 20-dən çox Respublikaçı Konqresmendən biri idi.

C.Fleyk ABŞ-ın Ankaradakı yeni səfiri vəzifəsinə rəsmən başlamazdan əvvəl namizədliyi Senat tərəfindən təsdiqlənməlidir. Fleyk Senat tərəfindən təsdiqlənərsə, Türkiyə-Amerika münasibətlərinin çətin bir dövründə Ankaraya səfir təyin ediləcək.

İki NATO müttəfiqi arasında bir çox məsələdə hələ də fikir ayrılığı var. ABŞ-ın Suriyadakı YPG-yə dəstəyi və Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini alması münasibətlərdə gərginlik yaradan məsələlər arasındadır. Bundan əlavə, Ankara Baydenin 24 aprel 1915 hadisələri üçün "soyqırım" ifadəsini istifadə etməsinə sərt reaksiya vermişdi.

Bayden administrasiyası və Türkiyə hökumət rəsmiləri hazırda ABŞ əsgərlərinin geri çəkilməsindən sonra Əfqanıstanın Kabil şəhərindəki Həmid Karzai Beynəlxalq Hava Limanına nəzarəti və təhlükəsizliyində lider rolunu təhvil vermək üçün Ankara ilə danışıqlar aparır.

Vermont ştatından olan demokrat senator Patrik Lehi əlaqələrin kritik bir vaxtında Fleykin ABŞ-ın Ankaradakı səfirliyi üçün uyğun bir namizəd olduğunu bildirib. "Ceff hər iki ölkəyə, regiona və dünyaya fayda gətirəcək daha konstruktiv bir münasibət qurmağa çalışmaq üçün əla seçimdir"- deyə, o qeyd edib.

Fleyk Senat tərəfindən təsdiqlənərsə, hazırda ABŞ-ın Ankaradakı səfiri olan təcrübəli diplomat Devid Satterfilddən vəzifəsini təhvil alacaq. Satterfild iki ildən çoxdur ki, Ankarada işləyir.

XS
SM
MD
LG