Accessibility links

Türkiyə hava məkanını Şimalı İraq uçuşlarına bağlayıb


Türkiyə öz hava məkanını İraqın şimalında kürdlərin idarə etdiyi hava limanından uçuşlar üçün bağlayıb. Türkiyənin yüksək səviyyəli rəsmisi çərşənbə günü uçuş təhlükəsizliyini təhdid edən kürd yaraqlılarının fəallığının artdığını əsas gətirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiçin dediyinə görə, hava məkanı İraqın şimalındakı yarı-muxtar Kürd bölgəsindəki Süleymaniyyə Beynəlxalq Hava Limanından qalxan və enən uçuşlar üçün bazar ertəsi bağlanıb.

Bilgiç yazılı açıqlamasında bildirib ki, bu addım qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) Süleymaniyyə şəhərində fəaliyyətinin artması, eləcə də hava limanına "sızmasına" cavab olaraq atılıb.

Bilgiç Türkiyənin hava məkanının iyulun 3-nə qədər bağlı qalacağını və Türkiyə rəsmilərinin təhlükəsizlik vəziyyətini nəzərdən keçirəcəklərini bildirib.

Qərar iki vertolyotun İraqın şimalında qəzaya uğraması və göyərtəsində olan kürd yaraqlıların öldürülməsindən bir neçə həftə sonra qəbul edilib. Bu hadisə PKK-nın vertolyotlara sahib olması ilə bağlı iddiaları gücləndirib və Türkiyə hökumətini hiddətləndirib.

Suriyanın şimal-şərqində ABŞ-ın dəstəklədiyi və kürdlərin rəhbərlik etdiyi qüvvələr daha sonra pis hava şəraitində baş verən qəza zamanı Süleymaniyyəyə uçan təyyarənin komandiri də daxil olmaqla, 9 döyüşçünü itirdiyini bildirib.

Suriya Demokratik Qüvvələri və ya SDQ kimi tanınan qrupun bildirdiyinə görə, həmin 9 nəfər İslam Dövləti qrupuna qarşı mübarizədə İraqda "təcrübə mübadiləsi" çərçivəsində olan elit döyüşçülər olub.

Süleymaniyyə Beynəlxalq Hava Limanının direktoru Handren Əl-Müfti deyib ki, aprelin 3-də hava limanına Türk Hava Yollarından həmin gün və sonrakı günün uçuşlarının ləğv edildiyi barədə elektron məktubu gəlib. Müfti sonrakı elektron məktubda uçuşların ləğvinin aprelin 11-dək uzadıldığının bildirildiyini deyib.

Onun sözlərinə görə, hava limanı rəsmilərinin belə bir addımın nə üçün atıldığı sualına heç bir cavab verilməyib.

"Mən hər kəsi əmin edə bilərəm ki, bizim heç bir təhlükəsizlik problemimiz yoxdur və hava limanında bir dənə də olsun təhlükəsizlik pozuntusu halı baş verməyib. Belə görünür onların qərarının arxasında başqa məqsədlər var" - deyə, Müfti bildirib.

Türk Hava Yolları İstanbuldan Süleymaniyyəyə gündə iki dəfə uçuş həyata keçirirdi.

XS
SM
MD
LG