Accessibility links

Azərbaycanda Türkiyədə dövlət çevrilişi cəhdi pislənir (Türkiyə ilə bağlı Azərbaycan xəbərləri - müxtəlif mövqelər)


Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

Ilham Əliyev və R.T Erdoğan
Ilham Əliyev və R.T Erdoğan

“Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.

Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.

Əziz Qardaşım, mən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", başsağlığında deyilir.

***

"Azərbaycan Prezidenti İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləmiş və yaşanan proseslərdən dərin narahatlıq keçirib".

Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yerli mediaya açıqlamasında bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

O qeyd edib ki, Azərbaycan prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dərələndirib: "Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib".

Ə.Həsənov bildirib ki, Azərbaycan dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib: "Cənab İlham Əliyev qardaş Türkiyədə baş vermiş dövlət çevriliş cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləyib, onların yaxınlarına başsağlığı verib və bütün yaralılara şəfa arzulayıb".

***

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırıb.

“O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib”, mətbuat xidmətinin məlumatında deyilir.

E. Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.

***

“Mövcud məlumatlara əsasən, Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və ya xəsarət alan vətəndaşlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: “Hazrıda yeganıə tövsiyəmiz ondan ibarətdir ki, vəziyyət tam stabilləşənədək vətəndaşlarımız ictimai yerlərdə daha diqqətli olsunlar”.

Səfirliyin gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirdiyi qeyd edilib.

***

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verənləri dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.

Nazirliyin iyulun 16-da yaydığı bəyanatda deyilir ki, qardaş Türkiyədə baş vermiş hadisələr Azərbaycanı ciddi surətdə narahat edib və sarsıdıb.

“Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır.

Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik”, XİN-nin bəyanatında deyilir.

***

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanın Türkiyədə 3 diplomatik nümayəndəliyi var. Azərbaycanın Ankarada səfirliyi, eləcə də İstanbul və Qarsda baş konsulluğu fəaliyyət göstərir.

***

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Xəbərdarlıqda Azərbaycan vətəndaşlarına Türkiyə hökumətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına riayət etmək və insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunub.

İyulun 15-də axşam saatlarında Türkiyədə dövlət çevrilişinə cəhd olub. Bununla əlaqədar olaraq 1500-dən çox insan tutulub. Hadisələr zamanı 90-dan çox insan həyatını itirib, 1154 nəfər isə yaralanıb.

***

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

“Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”. Bu barədə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yerli KİV-lərə açılamasında bildirib.

N. Məmmədov deyib ki, baş verənlər Türkiyənin Ana Yasasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir: “Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir.

Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq”, Məmmədov qeyd edib.

***

AZAL
AZAL

Azərbaycan Hava Yolları –AZAL Türkiyəyə təyyarə reyslərini ləğv edib.

“Bu, Türkiyədə baş verən dövlət çevrilişi ilə bağlıdır.

Bu gün Bakıdan Türkiyəyə yola düşməli olan bütün reyslər ləğv edilib. Bu barədə AZAL-ın mətbuat xidmətinin başçısı Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, təyyarə reysləri iyunun 16-da Bakıdan İstanbula və Ankaraya həyata keçirilməli idi. Qurum rəsmisi deyir ki, reyslərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

***

YAP icra katibinin müavini Siyavuş Novruzov
YAP icra katibinin müavini Siyavuş Novruzov

"Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin və türk xalqının yanındadır".

Bunu Report agentliyinə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov Türkiyədə baş verən hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir: "Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir".

YAP rəsmisi əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır: "Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq, zaman dəyişib. Yəni, hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir", Novruzov bildirib.

***

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli (AXCP) bildirib ki, o “qardaş Türkiyədəki AKP idarəetməsinə tənqidi yanaşır”.

“Amma, bizim Türkiyədə baş verənlərə münasibətimiz şəxsi emosiyalarla diqtə edilməli deyil. Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!”

AXCP sədri iyulun 16-da səhər saatlarında isə facebook səhifəsində yazır ki, Türkiyə qalib gəldi!

“Xalqın ən böyük güc olduğu növbəti dəfə sübut olundu. Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi. Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı. Dövlət qurumları və xalqı iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı. Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu. Türkiyənin daha da demokratikləşməsi, güclənməsi və dünyadakı nüfuzunu daha da artırması arzusu ilə. Haydı Türkiyə!”, Kərimli qeyd edir.

***

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirir ki, Türk xalqının dəyanətinə inanır.

“Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq. Son zamanlar dünyanın hər yerindən sarsıntılı xəbərlər alırıq.

Fransada terror qurbanlarının sayı hələ tam müəyyənləşməmiş, Atatürk Hava Alanında həlak olanların 40 mərasimi olmamış, indi də Türkiyədə qanlı hadisələr baş verir.

Hədəflətinin nə olmasından asılı olmayaraq 78 milyon əhalisi, türk və islam dünyasının ən sivil dövləti olaraq diqqət mərkəzində olan Türkiyənin, İstanbulun, Ankaranın silahlı qarşıdurma vəziyyətinə gətirilməsi, günahsız adamların həlak olmasına, ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir.

Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”, o qeyd edir.

***

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Türk

Cəmil Həsənli
Cəmil Həsənli

xalqı öz iradəsini ortaya qoydu.

“Hərbi çevriliş cəhdinin qarşısı alındı. Türkiyə böyük bir bəladan qurtuldu”, Həsənli qeyd edib.

XS
SM
MD
LG