Accessibility links

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclas keçirəcək


Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirləri Qazaxıstandakı durumu müzakirə edəcək .

Türkiyə Xarici İşlər Nazirl Mövlud Çavuşoğlu bu barədə bu gün Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, iclas 11 yanvar tarixində onlayn rejimdə baş tutacaq. İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.

Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb.

Bundan öncə, yanvarın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarları İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

"Türkiyə lazım gələrsə, Qazaxıstanla təcrübə və texniki biliklərini bölüşməyə hazırdır," Ərdoğan qeyd edib.

Yanvarın 6-da Türk Dövlətləri Təşkilatının yaydığı bəyanatda Qazaxıstanda sülh və sabitliyə dəstək ifadə edilir və bu ölkə ilə güclü həmrəylik ifadə edilir.

“Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik,” sənəddə qeyd edilir.

Türk Dövlətləri Təşkilatı (ilk adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub-red) 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan müşahidəçi dövlətlərdir.

Təşkilatın yaradılması 2006-cı ildə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 2019-cu ilin mayında Nursultan Nazarbayev qurumun ömürlük fəxri rəhbəri seçilib.

Türk Dövlətləri Təşkilatının mərkəzi ofisi İstanbulda (ümumi katiblik), Parlament Assambleyası Bakıda və Türk Akademiyası Nur-Sultanda yerləşir.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Buna baxmayaraq ölkə boyu mitinqçilər hökumət binalarını, hava limanlarını ələ keçirir. Daxili toqquşmalar zamanı onlarla insanın öldüyü, çoxsaylı insanın yaralanandığı bildirilir. İlkin rəsmi məlumatlara görə, dörd minədək adam həbs edilib.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, aksiyalar və ixtişaşlar xarici qüvvələr tərəfindən idarə olunur, lakin o, konkret ölkə adı çəkmir. Tokayev ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən KTMT kontingentinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin daxil olduğu bildirilir.

Bununla yanaşı, KTMT-nin Qazaxıstana göndərdiyi hərbi qüvvələrin sayı və hansı ölkənin neçə hərbçi göndərməsi barədə məlumat verilmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG