Accessibility links

Türkiyə polisi LGBTQ-nin paytaxtda keçirdiyi yürüşü dağıdıb, 30 nəfər həbs edilib


Türkiyə polisi çərşənbə axşamı paytaxtda LGBTQ-nin Qürur yürüşünü dağıdıb və onlarla insanı nəzarət altına alıb.

Türkiyə hakimiyyəti LGBTQ tədbirlərini qadağan etsə də, əllərində göy qurşağı bayraqları tutan 50-yə yaxın insan Qürur Ayının sonunu qeyd etmək üçün əsas parka doğru yürüş edib.

Polis əməkdaşları qrupun parka çatmasına mane olub, yürüş iştirakçılarını Ankaranın mərkəzindəki hərəkətli küçədə saxlayıb.

Polis zabitlərinin yürüş iştirakçılarından bəzilərini yerə yıxmağa məcbur etməsi yoldan keçənləri qəzəbləndirib və onlar iştirakçıların buraxılmasını tələb edib. Mülki geyimdə olan zabitlər onlara mane olub.

Yürüş təşkilatçıları azı 30 nəfərin saxlanıldığını bildirib.

LGBTQ-ni ictimaiyyətə təhlükə hesab edən islamçıların kiçik bir qrupu parkın yaxınlığında əks-nümayiş keçirib.

Türkiyə əvvəllər Qürur yürüşlərinə icazə verən azsaylı müsəlman ölkələrindən biri idi. Birinci yürüş 2003-cü ildə, prezident Rəcəb Tayyib Ərdoğanın partiyası hakimiyyətə gəldikdən bir il sonra keçirilib.

Son illər hökumət dini mühafizəkar baxışlarını təmsil etməyən qrupların ictimai tədbirlərinə sərt yanaşma tətbiq edir. Qürur tədbirləri çox sayda həbslər, polis tərəfindən gözyaşardıcı qaz və plastik güllələrdən istifadə ilə müşayiət olunub.

Keçən ayın sonunda İstanbulda Qürur tədbirlərinin keçirilməsinə qadağa qoyulduqdan sonra 300-dən çox LGBTQ üzvü qısa müddətə saxlanıb.

XS
SM
MD
LG