Accessibility links

BMT Türkiyənin adının dəyişdirilməsini təsdiqləyib


BMT Türkiyənin ölkə adının xarici dillərdə yazılışının “Türkiye” olaraq dəyişdirilməsi ilə bağlı tələbini təsdiqləyib. Bu barədə Anadolu agentliyi BMT baş katibinin mətbuat katibi Stefan Düjarrikə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş Türkiyənin Xarici İşlər nazirindən adın dəyişdirilməsi ilə bağlı bildiriş alıb və ölkənin adındakı dəyişiklik məktub daxil olduğu andan qüvvəyə minir.

Bir gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət təqdim edib. Onun dediyinə görə, belə bir qərar “Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımlarının bir hissəsi kimi qəbul edilib”.

2021-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin beynəlxalq brend adının “Turkey”dən “Türkiye”yə dəyişdirilməsi haqqında fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, ölkənin brendinin dəyişdirilməsi ilə bağlı qərar Türkiyənin zəngin mədəniyyətini və irsini təqdim etmək tədbirləri ilə bağlıdır və türk istehsalçılarının “keyfiyyətli məhsulların etibarlı tədarükçüsü” olduğunu təsdiqləmək məqsədi daşıyır və “Türkiye” termini daha çox türk xalqının mədəniyyətini və dəyərlərini tam əks etdirir.

RBK agentliyinin “Anadolu”ya istinadən verdiyi məlumata görə, Ankara dissonans səbəbindən ölkənin keçmiş adını dəyişməyə qərar verib. İngilis dilindən tərcümədə "turkey" "hindquşu" deməkdir.

XS
SM
MD
LG