Accessibility links

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verib


Türkiyə çərşənbə axşamı Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaq təklifini təsdiqləyib və beləliklə, Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında NATO müttəfiqlərinin birliyinə şübhə yaradan həftələrlə davam edən dramatik duruma son qoyulub.

Tarixi razılıq Türkiyə, İsveç və Finlandiya liderlərinin, həmçinin NATO-nun baş katibinin iştirakı ilə keçirilən dördtərəfli danışıqlar nəticəsində əldə olunub.

Bunun sayəsində alyans üzvləri NATO-nun indi mümkün rəqib deyil, birbaşa təhlükəsizliyə təhdid kimi gördüyü Rusiya qarşısında qətiyyət nümayiş etdirə biləcək.

Helsinki və Stokholm indi Şimali Atlantika Alyansına qoşulmaq üçün sərbəst şəkildə müraciət edə bilərlər.

"Xarici işlər nazirlərimiz Türkiyənin Finlandiya və İsveçin NATO üzvü olmağa dəvətini dəstəklədiyini təsdiqləyən üçtərəfli memorandum imzalayıblar. NATO-ya daxil olmağımız üçün konkret addımlar müttəfiqlər tərəfindən yaxın iki gün ərzində razılaşdırılacaq, lakin indi bu qərar çox yaxın gələcəkdə gözlənilir" - deyə, Finlandiya prezidenti Sauli Niiniste verdiyi açıqlamada bildirib.

Yens Stoltenberq və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Maqdalena Andersson və Sauli Niinistenin də daxil olduğu danışıqlardan sonra ayrı-ayrı bəyanatlarda NATO-nun baş katibi və Türkiyə lideri razılaşmanı bir daha təsdiqləyiblər.

"NATO sammitinin başlanğıcı ilə bağlı fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq birliyimizi daha güclü və təhlükəsiz edəcək" - deyə, Böyük Britaniyanın baş naziri Boris Conson Tvitter hesabında yazıb.

Stoltenberq bildirib ki, sammit zamanı alyansı təşkil edən 30 dövlətin liderləri İsveç və Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiyanı NATO-ya üzv olmağa rəsmən dəvət edəcəklər.

"Qapı açıqdır - Finlandiya və İsveç NATO-ya daxil olacaq" - Stoltenberq jurnalistlərə müsahibəsində deyib.

Bununla belə, hətta rəsmi dəvət olsa belə 30 NATO müttəfiqinin parlamentləri qərarı ratifikasiya etməlidir, bu proses bir ilə qədər çəkə bilər.

Türkiyənin əsas tələbləri Skandinaviya ölkələrinin öz ərazilərində yaşayan kürd yaraqlılarına dəstəyi dayandırması və Türkiyəyə müəyyən silah növlərinin satışına qoyulan qadağaların aradan qaldırılması olub.

Stoltenberqin sözlərinə görə, sövdələşmənin şərtləri İsveçin şübhəli silahlıların ekstradisiyası ilə bağlı Ankaranın sorğuları üzərində işi gücləndirəcəyini nəzərdə tutur. Bundan əlavə, İsveç və Finlandiya qanunvericiliyinə kürd döyüşçülərə münasibəti sərtləşdirmək üçün düzəlişlər ediləcək. İsveç və Finlandiya Türkiyəyə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Ankara İsveçin Türkiyədə 1984-cü ildə Türkiyə dövlətinə qarşı vuruşmağa başlayan qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarına sığınacaq verməsindən ciddi narahatlığını bildirib. Stokholm bu ittihamları rədd edir.

Türkiyə prezidenti açıqlamasında bildirib ki, çərşənbə axşamı əldə edilən dördtərəfli razılaşma "PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq" deməkdir.

Bəyanatda bildirilir ki, İsveç və Finlandiya "bütün forma və təzahürlərdə terrorizmlə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirir".

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG