Twitter sosial şəbəkəsi bildirb ki, Çin hökumətinə bağlı olan və ölkənin kommunist rəhbərliyi xeyrinə saxta məlumatlar yayan geniş hesablar şəbəkəsini silib.
Rəsmi Pekin profillərin hökümətə bağlı olmasını rədd edib və deyib ki, şirkət bunun əvəzinə Çini ləkələyən hesabları silməlidir.
ABŞ-ın sosial media şirkəti Pekinin lehinə postlar yazan 23,750, eləcə də bu postları bölüşən və yayan 150 min hesabı silib.
Şirkət bildirir ki, bu hesablar əsasən Çin dillərində "əlaqəli və manipulyasiya olunmuş bir sıra fəaliyyətlərlə" məşğul olurdu. Çin hökümətinin koronavirus pandemiyasının qarşısını almaq üçün gördüyü tədbirləri tərifləmək, eləcə də Honq Konqda baş verən demokratiya tərəfdarı etirazlar barədə "aldadıcı məlumatlar" yaymaqla məşğul idi.
Hesabların əksəriyyəti çox sayda izləyiciyə sahib olmadığı üçün diqqət çəkə bilmirdi. Hesablar Twitterin məlumatların süni şəkildə yayılması və qarşısının alınmasını qadağan edən manipulyasiya qaydalarına əsaslanaraq silinib.
Twitter və Facebook və YouTube da daxil olmaqla digər sosial media saytları Çində bloklanıb.
"Çin Kommunist Partiyası Çin xalqının Twitterdən istifadə etməsinə icazə verməsə də, bizim apardığımız təhlillər onların bu şəbəkədən beynəlxalq miqyasda təbliğat və dezinformasiya yaymaq üçün məmnuniyyətlə istifadə etdiyini göstərir" - deyə, şirkətlə birlikdə hesabların silinməsi üzərində işləyən Avstraliya Strateji Siyasət İnstitutunun Beynəlxalq Kiber Siyasət Mərkəzinin direktoru Ferqus Hanson bildirib.
Lakin Çin bu iddiaları rədd edir.
Məsələ ilə əlaqədar olaraq Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq cümə günü gündəlik brifinqdəki çıxışında bildirib: "Çinin epidemiyaya qarşı cavabını dezinformasiya ilə bərabər tutmaq hem məntiqli deyil." O həmçinin əlavə edib ki, "Əgər Twitter bir dəyişiklik etmək istəyirsə Çini gözdən salmaq üçün hücum edən profilləri bağlamalıdır".
Bundan əlavə şirkət rus dilində dövlət tərəfindən dəstəklənən siyasi təbliğatla məşğul olan Rusiya mediasının veb saytı ilə əlaqəsi olan 1000-dən çox hesabı da silib.
Türkiyə ilə əlaqəli olan və ölkənin hakim partiyasının siyasətini dəstəkləmək məqsədi ilə faəliyyət göstərən 7340 hesabdan ibarət şəbəkə də saytdan silinib.