Accessibility links

Ölü donordan uşaqlıq transplantasiyasından sonra ilk doğulmuş körpə


Reuters xəbər agentliyinin The Lancet jurnalına istinadən verdiyi məlumata görə, Braziliya sakini uşaqlıq transplantasiyasından sonra körpə dünyaya gətirən ilk qadın olub. Doğuş bir il öncə olsa da, bu barədə yalnız indi xəbər verilib.

Həkimlərin verdiyi məlumata görə, qadın özü uşaqlıqsız dünyaya gəldiyi üçün onun transplantasiyaya ehtiyacı olub. Uşaqlıq 45 yaşlı və üç uşaq anası donor iflicdən öldükdən sonra transplantasiya edilib. Əməliyyat 10 saata yaxın sürüb.

Araşdırma aparan San Paulu xəstəxanasının həkimi Dani Eyzenberq bu cür presedentlərin müxtəlif yaşda olan qadınlara uşaq dünyaya gətirmək üçün daha çox imkan yaratdığını bildirib. Transplantasiya zamanı qadının 32 yaşı olub. Hal-hazırda bir çox insan öldükdən sonra öz bədənlərini elmə hədiyyə edir.

Bundan öncə Çexiya, ABŞ və Türkiyədə keçirilən on sınaq uğursuz olub.

Eyzenberqin sözlərinə görə, brazilyalı qadına uşaqlığın köçürülməsi və sağalması prosesi uğurlu keçib. Qadın süni mayalanma yolu ilə hamilə qalıb. Uşaq qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gəlib. Doğulduğu zaman körpənin çəkisi 2,5 kilo olub. Hal-hazırda uşağın 1 yaşı var və çəkisi 7,5 kilodur.

Mütəxəssislər bu unikal halı Tha Lancet jurnalında təsvir ediblər. Onların fikrincə bu cür hallar bəzi qadınlara dünyaya uşaq gətirməyə kömək olacaq, çünki bir çox ölkələrdə insanlar öz orqanlarını tibbə vəsiyyət edir.

XS
SM
MD
LG