Accessibility links

Uşaqlar üçün ferma

Amerika Birləşmiş Ştatlarının ən inkişaf etmiş tərəflərindən biri uşaqlara verilən dəyər və onlar üçün yaradılan imkanlardır. Demək olar ki, hər qanun, hər qurum, hər tədbir uşaqlar da nəzərə alınaraq həyata keçirilir. Vaşinqtondakı heyvanxana ilə bunun bir nümunəsini görmək mümkündür. Heyvanxananın içində uşaqlar üçün ferma yaradılıb. İnək, eşşək, keçi, toyuq, at kimi uşaqların şəhər həyatında görməyəcəyi heyvanların olduğu bu fermada balaca ziyarətçilərin (ya da turistlərin) sevimli məkanlarındandır.

Bu mini-ferma uşaqlara ferma heyvanlarını yaxından görmək, onların təbii yaşam qaydalarını müşahidə etmək imkanı yaradır. Hasarlanmış ərazidə hər heyvanın öz hissəsi var. Hasarlarda müxtəlif interaktiv cədvəllər yerləşdirilib. Bu cədvəllərdə heyvanların bədən quruluşları, nə ilə bəsləndikləri haqda məlumat verilib. Ferma heyvanlarının cəmiyyətə qatdığı faydaları haqda faktlar yazılıb.

Bundan başqa uşaqlar ferma heyvanların qayğısına qalma prosesini canlı görmək fürsətinə sahib olur. Fermada işləyən insanlar ziyarətçilərin qarşısında heyvanların qayğısına qalırlar. Məsələn, uşaqlar bir atın necə daraqla sığallandığını, toyuqların yumurtalarının necə toplandığını görə bilər. Bütün bunları görmək üçün şəhərdən çox uzaqda bir fermaya getmələrinə də ehtiyac yoxdur. Sadəcə valideynlərinin şəhərin mərkəzindəki heyvanxanaya getməkləri kifayətdir.

Fermada əhəlləşdirilmiş heyvanlardan başqa iki lama da var. Daha çox Cənubi Amerika qitəsində yaşayan lamalar fermadakı inəklərlə eyni yerdə yaşayır.

Heyvanxananın başqa yerləri olduğu kimi Uşaq Ferması da ödənişsiz olaraq fəaliyyət göstərir. Uşaqların ferma heyvanlarını şəhərin mərkəzində asanlıqla görə bilmələri həm heyvan sevgilərinin artmasını, həm yaşadıqları dünyanı daha yaxşı qavramalarını təmin edir. Bununla yanaşı, ailələr də uşaqlarla birlikdə ödənişsiz bir şəkildə əyləncəli vaxt keçirə bilərlər.


XS
SM
MD
LG