Accessibility links

ABŞ İranın hərbi satınalma şəbəkələrinə yeni sanksiyalar tətbiq edir


ABŞ Maliyyə Nazirliyi çərşənbə günü İranın ballistik raket, nüvə və müdafiə proqramlarını dəstəkləyən satınalma şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

Maliyyə Nazirliyinin bəyanatında deyilib ki, şəbəkələr İran, Türkiyə, Oman və Almaniyada yerləşir və raketlərdə istifadə olunan karbon lifi, epoksi qatranlar və digər materiallar əldə edir.

Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelsonun sözlərinə görə, "mürəkkəb gizli satınalma şəbəkələri" İrana münaqişəni davam etdirməyə və insanların həyatını riskə atmağa imkan verir.

İran nüvə proqramı və raket istehsalı imkanları ilə bağlı bir çox sanksiyalarla üzləşir. Maliyyə Nazirliyi keçən ay İranın ballistik raket və pilotsuz təyyarələrin alınması proqramlarına yönəlmiş tədbirləri açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının nüvə proqramına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi İranı onun nəzarət cəhdlərinə mane olmaqda ittiham edib. İran uzun illərdir nüvə silahı hazırladığına dair iddiaları təkzib edir və nüvə fəaliyyətinin yalnız enerji istehsalı və tibb kimi dinc məqsədlərə yönəldiyini deyir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru keçən il İranın bir neçə nüvə bombası üçün kifayət qədər zənginləşdirilmiş uran və materiallara malik olduğu barədə xəbərdarlıq etmişdi.

ABŞ İraq, Livan, Suriya, Yəmən və Qəzza zolağında ABŞ və İsrail hədəflərinə hücum edən tərəfdaşları ilə əlaqəsi və hərbi dəstəyinə görə İrana xüsusi diqqət yetirir.

ABŞ Dövlət Departamentinın yeni sanksiyalarla bağlı bəyanatında "Birləşmiş Ştatlar Yaxın Şərqdə sabitliyi pozan və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünə şərait yaradan İranın ehtiyatsızlıqla silah yaymasını dəstəkləyən şəbəkələri ifşa etmək və dağıtmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə sadiqdir" - deyə, bildirilib.

Forum

XS
SM
MD
LG