Accessibility links

ABŞ və Türkiyə İslam Dövləti ilə əlaqəli maliyyə şəbəkələrini hədəf alıb


ABŞ Maliyyə Nazirliyi cümə axşamı bildirib ki, İraq və Suriyada fəaliyyət göstərən İslam Dövləti qruplaşması üçün pulların idarə edilməsi, köçürülməsi və paylanmasında mühüm rol oynadığını iddia etdiyi şəbəkəyə qarşı Türkiyə ilə birgə hərəkətə keçib.

Türkiyənin ABŞ-ın da sanksiyalar siyahısına daxil etdiyi şəbəkə üzvlərinin aktivlərini dondurduğu bildirilib.

Məlumatda sanksiyalara məruz qalanlar arasında Türkiyədə qeyri-qanuni yaşayan İraq vətəndaşı Brukan Əl-Xatuninin, onun iki oğlunun, eləcə də Türkiyə, İraq və Suriya arasında İslam Dövləti adından pul köçürmələri üçün istifadə edilən iki şirkətin olduğu deyilib.

Noyabr ayında ABŞ Afrikada İslam Dövləti qrupuna maliyyə və ya maddi dəstək verdiyini iddia etdiyi şəxslərə və şirkətlərə qarşı ikinci raund sanksiyalarını tətbiq edib.

Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, son maliyyə cəzaları Cənubi Afrika qurumları, o cümlədən bir qruplaşmanın rəhbəri Fərhad Humerə "Birləşmiş Ştatların maraqlarına hücum etmək iradəsi və niyyətinə" görə tətbiq edilir.

ABŞ İslam Dövlətinin Somalidə silah alveri ilə məşğul oan bir qrupuna qarşı da sanksiya irəli sürüb. Hökumət hesabatlarında İslam Dövləti qrupunun İraq və Suriyada məğlubiyyətlə üzləşdikdən sonra Afrikadakı mövcudluğunu necə genişləndirdiyi göstərilir.

Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson deyib ki, sanksiyalar "İŞİD-in Cənubi Afrikadakı şəbəkəsindəki əsas şəxsləri, eləcə də regionda terrorizmin və digər cinayətkar fəaliyyətlərin həyata keçirilməsində mühüm rol oynayanların biznes aktivlərini hədəfləyir".

XS
SM
MD
LG