Britaniyanın Baş naziri Keyr Starmer keçən həftə İngiltərədə üç uşağın qətli ilə bağlı baş verən ifrat sağçı iğtişaşlarla bağlı fövqəladə iclasdan sonra "təcili cinayət sanksiyaları" vəd edib.
Baş nazir çərşənbə axşamı Briyaniyanın şimal-qərbindəki Sautport şəhərində ilk dəfə baş verən zorakılığın qarşısının alınmasını müzakirə etmək üçün Skotland Yard-ın müdiri Mark Roli də daxil olmaqla, nazirlər və polis rəisləri ilə görüşüb.
Həftə sonu kərpic və yanan əşyalar atan kütlənin polis məmurları ilə toqquşması, dükanları yandırması və qarətləri, avtomobillərin və evlərin pəncərələrini sındırması nəticəsində bir neçə polis əməkdaşı yaralanıb və çox sayda insan həbs edilib.
Starmer mediaya bazar ertəsi keçirilən iclasda "bir sıra tədbirlər" çərçivəsində hökumətin "sanksiyaların sürətli olmasını" təmin etməsi üçün "cinayətlə bağlı hökmləri gücləndirəcəyini" deyib.
O, həmçinin əlavə iğtişaşların baş verəcəyi yerlərdə yerli qüvvələrə dəstək vermək üçün xüsusi təlim keçmiş polis zabitlərindən ibarət “daimi ordunun” yerləşdirilməyə hazır olduğunu bildirib.
Starmer "Mənim diqqətim bu pozğunluğu dayandırdığımıza əmin olmaqdır" deyib.
Sautportda qarşıdurmalar Teylor Sviftə həsr edilmiş rəqs dərsi zamanı bıçaqla üç gənc qızın öldürülməsi və daha beş uşağın ağır yaralanmasından bir gün sonra baş verib.
Əvvəlcə sosial mediada təcavüzkarın sığınacaq axtaran müsəlman olduğu barədə yalan şayiələr yayılıb. Lakin polis şübhəlinin Uelsdə doğulmuş 17 yaşındakı bir gənc olduğunu, Britaniya mediası isə onun valideynlərinin Ruandadan olduğunu bildirib.
Lakin bu, məscidlərin hədəfə alınmasının qarşısını almayıb.
O vaxtdan bəri polis ölkə boyu şəhər və qəsəbələrdə yüzlərlə insanı həbs edib, immiqrasiya əleyhinə nümayişçilər və iğtişaşçılar polis və əks etirazçılar, eləcə də müsəlman qrupları ilə qarşı-qarşıya gəlib.
Forum