Accessibility links

Rusiyanin Müdafiə Nazirliyi Ukraynaya hücum edən ordusunda çağırışçıların olduğunu etiraf edib


Rusiyanın Müdafiə Nazirliyi Ukraynanı işğal edən orduda çağırışçıların olduğunu etiraf edib. “Təəssüflər olsun ki, Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın keçirilməsində iştirak edən Rusiya silahlı qüvvələrinin bölmələrində çağırışçıların olması ilə bağlı bir neçə fakt aşkarlanıb” - deyə, nazirliyin bəyanatında bildirilib.

Eyni zamanda Rusiya hökuməti bu çağırışçıların bəzilərinin əsir götürüldüyünü bildirsə də, çağırışçıların sayı ilə bağlı məlumat verməyib.

Vladimir Putin bəyan etmişdi ki, Ukrayna müharibəsinə nə çağırışçılar, nə də ehtiyatda olanlar cəlb edilib və edilməyəcək.

Bundan əvvəl “Əsgər Anaları Komitəsi”nə istinadən xəbər verilmişdi ki, Rusiya Silahlı Qüvvələrinin əsgərləri kütləvi şəkildə müqaviləli xidmətə keçiriləcək və Ukrayna ilə sərhədə göndəriləcək.

Eyni zamanda Müdafiə Nazirliyi daha əvvəl çağırışçıların müharibəyə göndərilməsinin istisna olduğunu bəyan etmişdi. Qanuna görə, onlar döyüş bölgəsinə hərbi xidmətə başladıqdan dörd aydan gec olmayaraq göndərilə bilər.

Martın 2-də Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynadakı müharibədə ölən rus hərbçilərinin sayını açıqlayıb. Nazirliyin məlumatına görə, bu ölkədə keçirilən “xüsusi hərbi əməliyyat” zamanı Rusiyanın 498 əsgəri həlak olub, 1597 nəfər yaralanıb.

O vaxtdan bəri Ukraynaya hərbi işğalı zamanı Rusiya ordusunun itkiləri ilə bağlı rəsmi məlumat dərc olunmayıb.

Rusiyanın Ukraynaya işğalı fevralın 24-ü səhər saatlarında başlayıb. Rusiya Müdafiə Nazirliyi itkiləri yalnız fevralın 27-də qəbul etsə də, rəqəmləri açıqlamayıb.

Senator Lyudmila Narusova martın 1-də “Dojd” kanalına anaların oğullarının əsir düşdüyü və ya öldüyü barədə məlumatı müstəqil olaraq Ukraynanın internet mənbələrində tapdıqlarını, lakin ölülərin cəsədlərini necə götürəcəklərini bilmədiklərini deyib.

"Nəyə görə heç olmasa cəsədləri çıxara biləcəyiniz dəhlizlə razılaşmırsınız? Axı onlar basdırılmır, sahibsiz itlər tərəfindən parçalanır. Bəzilərini isə yandıqlarına görə tanımaq olmur. Bu, heç bir müharibə qanuna görə mümkün deyil” - deyə, o bildirib.

XS
SM
MD
LG