Accessibility links

Ukrayna: Qara dənizdə alternativ ixrac dəhlizi işləyir


Baş nazir müavini Aleksandr Kubrakovun cümə axşamı bildirdiyinə görə, Rusiyanın mülki gəmiyə son hücumuna baxmayaraq, Ukraynanın Qara dənizdəki alternativ ixrac dəhlizi işləyir.

Ukrayna rəsmiləri çərşənbə günü bildiriblər ki, Rusiyanın atdığı raket Odesa regionunun Qara dəniz limanına gələn Liberiya bayraqlı mülki gəmini vurub, nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Gəmi Çinə dəmir filizi daşımalı idi.

"Ukrayna Dəhlizi: Böyük Odesa (region) limanlarına gəmilərin hərəkəti, həm gedişi, həm də gəlişi davam edir" - deyə, Kubrakov sosial X şəbəkəsində bildirib.

Onun dediyinə görə, göyərtəsində 231 min ton kənd təsərrüfatı məhsulları olan altı gəmi Odesa vilayətinin limanlarını tərk edərək, Türkiyənin Bosfor boğazına doğru hərəkət edib. "Beş gəmi yüklənmək üçün limanlara daxil olmağı gözləyir. Rusiyanın liman infrastrukturuna sistemli hücumlarına baxmayaraq, Ukrayna dəhlizi boyunca hərəkət davam edir", Kubrakov əlavə edib.

BMT-nin vasitəçiliyi ilə Ukrayna taxılının Qara dəniz üzərindən təhlükəsiz tədarükünə zəmanət verən sazişdən çıxdıqdan sonra Rusiya dəfələrlə Ukraynanın liman infrastrukturuna hücumlar edib.

Rusiya qoşunlarının 2022-ci ildə Ukraynanı işğal etməsindən və Qara dəniz ixracatını de-fakto blokadasından sonra Ukrayna avqust ayında Afrika və Asiya bazarlarına gedən gəmilər üçün "humanitar dəhliz" açıb.

Ukrayna daha sonra bəyan edib ki, Ukraynanın cənub-qərbi Qara dəniz sahili boyunca Rumıniyanın ərazi sularından keçərək, Türkiyəyə gedən bu marşrut taxıl tədarükü üçün də istifadə olunacaq.

Kubrakov onu da bildirib ki, yeni tranzit dəhlizi fəaliyyətə başlayandan indiyədək 91 gəmi 3,3 milyon ton kənd təsərrüfatı və metal məhsulları daşıyıb.

Forum

XS
SM
MD
LG