Accessibility links

Ukrayna ordusu Baxmutda bəzi irəliləyişlər əldə etdiyini bildirir


Ukrayna mayın 12-də Baxmutda bəzi irəliləyiş əldə etdiyini iddia edib. Bu, Kyivin çoxdan gözlənilən əks-hücum əməliyyatına hazırlaşdığı bir vaxt Moskvanın Donbasdakı hücumunun mərkəzi olan Donetskə nəzarəti ələ kerçirmək üçün Rusiya qüvvələri ilə şiddətli döyüşlər apararkən baş verib.

Müdafiə nazirinin müavini Hanna Malyar Telegram kanalında bildirib ki, Ukrayna qüvvələri heç bir mövqeni vermədən şəhərdə 2 kilometr irəliləyib.

Malyar eyni zamanda bildirib ki, Moskvanın Baxmutda bir neçə ay davam edən hücumunun önündə gedən muzdlulardan ibarət "Vaqner" dəstəsinin Kremlə bağlı komandiri Yevgeni Priqojinin döyüşçülərinin kifayət qədər sursat almaması ilə bağlı iddiaları həqiqətə uyğun deyil və Rusiyanın Baxmutdakı itkilərinə haqq qazandırmaq üçün nəzərdə tutulub.

"Düşmən silah çatışmazlığı ilə bağlı yalan məlumat verir. Yəqin ki, bu, real vəziyyətə haqq qazandırmaq üçündür. Və bu həftə real vəziyyət ondan ibarətdir ki, silahların olmasına baxmayaraq, düşmən planlarını həyata keçirə bilməyib, düşmən böyük canlı qüvvə itkisinə məruz qalıb. Ordumuz Baxmut istiqamətində 2 kilometr irəliləyib və bu həftə Baxmutda heç bir mövqe itirməmişik," Malyar yazıb.

Mətbuat xidmətinin mayın 12-də dərc etdiyi məktubda Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqunu Baxmuta gəlib, "vəziyyəti şəxsən qiymətləndirməyə" çağırıb. Priqojin "Vaqner"in Baxmutun 95 faizinə nəzarət etdiyini iddia etsə də, Rusiya silahlı qüvvələrinin nəzarəti altında olan cinahların Ukrayna qüvvələri tərəfindən "uğurla geri alındığını" bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mayın 12-də bildirdiyinə görə, Ukrayna ordusu son 24 saat ərzində Baxmutda Rusiyanın 44 hücumunu dəf edib. Məlumatda Moskva qüvvələrinin son bir neçə ay ərzində ən şiddətli döyüşlərin getdiyi Baxmut-Avdiyivka-Maryinka cəbhə xəttinə zərbələr endirməkdə davam etdiyi deyilib.

Bu kimi xəbərlərin moskvayönlü hərbi bloqçulardan və mayın 11-də Ukraynanın əks-hücumunun artıq başladığını iddia edən Priqojinin özündən gəlməsinə baxmayaraq, Rusiya mayın 11-də Ukraynanın Baxmut da daxil olmaqla, bir neçə sahədə irəliləyişləri ilə bağlı xəbərləri təkzib edib.

Rusiya Müdafiə Nazirliyi bu xəbərləri təkzib edərək, "xüsusi hərbi əməliyyat zonasında ümumi vəziyyətin nəzarət altında olduğunu" deyib. Kremlin sözçüsü Dmitri Peskov isə nikbinliklə Rusiyanın dediyi kimi, "Moskvanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı"nda "çox çətin" olsa da, müəyyən məqsədlərə nail olunduğunu deyib.

XS
SM
MD
LG