Accessibility links

"Qorxun": Ukrayna kiberhücuma məruz qalıb, Rusiya daha çox qoşun yeridir


Ukrayna vətəndaşlarına “qorxun və ən pisini gözləyin” xəbərdarlığı edən kütləvi kiberhücuma məruz qalıb. Qonşusunun sərhədinə 100 mindən çox əsgər yığan Rusiya isə cümə günü təlimlərə daha çox qüvvələrin cəlb edildiyini televiziyada yayımlayıb.

Hadisələr Moskvanın 2014-cü ildə işğal etdiyi ölkəyə yeni hücuma başlaya biləcəyindən ehtiyat edən Qərb dövlətləri ilə Rusiya arasında görüşlərdə heç bir irəliləyiş əldə olunmamasından sonra baş verib.

"Müharibənin nağara gurultusu yüksək səslənir" - deyə, yüksək səviyyəli ABŞ diplomatı bildirib.

Rusiya Ukraynaya hücum planlarını inkar etsə də, NATO-nun Kiyevi heç vaxt qəbul etməyəcəyi vədi də daxil olmaqla, tələblər yerinə yetirilməsə, qeyri-müəyyən hərbi əməliyyatlara başlaya biləcəyini deyir.

Rusiya bildirib ki, uzaq şərqindəki qoşunlar təftiş çərçivəsində təlimlər üçün uzaqdakı hərbi obyektlərə yerləşdiriləcək. RİA xəbər agentliyinin yaydığı Müdafiə Nazirliyinin görüntülərində Şərq Hərbi Dairəsində çoxsaylı zirehli texnika və digər hərbi texnikanın qatarlara yükləndiyi əks olunub.

Hərbi analitik və ABŞ-da yerləşən Xarici Siyasət Tədqiqat İnstitutunun əməkdaşı Rob Li deyib: “Bu, ehtimal ki, Ukraynaya doğru hərəkət edən bölmələr üçün örtükdür”.

Hərəkətlər göstərirdi ki, Rusiya Ukrayna ilə bağlı gərginliyi azaltmaq niyyətində deyil, Moskva Qərbi danışıqlar masası arxasına gətirmək və əsas elementləri ABŞ tərəfindən təsvir edilən “təhlükəsizlik zəmanəti” tələblərini irəli sürmək üçün qoşun toplamaqdan istifadə edib.

Ukrayna xarici işlər nazirliyi, nazirlər kabineti, təhlükəsizlik və müdafiə şurası da daxil olmaqla, hökumət orqanlarına dəyən böyük kiberhücumla bağlı araşdırma aparıb.

"Ukraynalı! Bütün şəxsi məlumatlarınız ictimai şəbəkəyə yüklənib. Kompüterdəki bütün məlumatlar məhv edilib, onu bərpa etmək mümkün deyil" - deyə, ukrayna, rus və polyak dillərində yazılmış hökumət saytlarının sındırılmış proqramında görünən mesajda deyilir.

"Haqqınızda olan bütün məlumatlar ictimailəşib, qorxun və ən pisini gözləyin. Bu, keçmişiniz, indiniz və gələcəyiniz üçündür."

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Reuters-ə bildirib ki, hücumun arxasında kimin dayana biləcəyini söyləmək hələ tezdir, lakin Rusiya keçmişdə oxşar zərbələrin arxasında olub.

Rusiya buna münasibət bildirməyib, lakin əvvəllər Ukraynaya kiberhücumların arxasında olduğunu inkar edib.

Ukrayna hökuməti zərər çəkmiş saytların əksəriyyətini bərpa etdiyini və heç bir şəxsi məlumatın oğurlanmadığını bildirib. Hücumun yayılmasının qarşısını almaq üçün daha bir neçə hökumət saytı fəaliyyətini dayandırıb.

Avropa İttifaqının baş diplomatı Josep Borrell hücumu pisləyib və bildirib ki, Aİ-nin siyasi və təhlükəsizlik komitəsi və kiber bölmələri Kiyevə yardım yollarının müzakirə etmək üçün bir araya gələcək:

“Mən heç kimi günahlandıra bilmərəm, çünki məndə heç bir sübut yoxdur, amma təxmin edə bilərik"

Kiberhücumun buraxdığı mesaj Kiyev tərəfindən rədd edilən və Ukraynanın ifrat sağçı millətçi qrupların əsarətində olduğuna dair Rusiya dövlətinin uzun müddətdir davam etdirdiyi iddialarını əks etdirən istinadlarla zəngin olub.

Bu, Polşa və Ukrayna arasında mübahisə nöqtəsi olan, Ukrayna üsyançıları tərəfindən nasist almanları tərəfindən işğal olunmuş Polşada həyata keçirilən qətllərin həyata keçirildiyi Volıniya və Şərqi Qalisiyaya istinaddır.

Birləşmiş Ştatlar cümə axşamı Rusiyanın hərbi müdaxiləsi təhlükəsinin yüksək olduğu barədə xəbərdarlıq edib. Rusiya bunu davamlı olaraq inkar edir.

Moskva bildirib ki, dialoq davam edir, lakin müzakirələr Qərbi Ukraynanın NATO-ya üzvlüyünə mane olmağa və Avropada alyansın onilliklər boyu davam edən genişlənməsini geri çəkməyə inandırmağa çalışdığı üçün dalana dirənib.

Birləşmiş Ştatlar və NATO bu tələbləri rədd edib, lakin silahlara nəzarət, raketlərin yerləşdirilməsi, etimadın möhkəmləndirilməsi tədbirləri və hərbi təlimlərə məhdudiyyətlər barədə danışmağa hazır olduqlarını bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib ki, Moskva öz təkliflərinə yazılı cavab gözləyir.

XS
SM
MD
LG