Accessibility links

Rusiyanın Ali Məhkəməsi Ukraynanın “Azov” alayını terrorçu qrup kimi tanıyıb


Rusiyanın Ali Məhkəməsi Baş Prokurorluğun müraciəti əsasında Ukraynanın ultrasağçı “Azov” alayını “terrorçu” təşkilat kimi tanıyıb.

Məhkəmə Ukraynanın şərqində Rusiyaya qarşı döyüşən ən tanınmış Ukrayna hərbi birləşmələrindən biri olan qruplaşmaya qarşı qərarı çərşənbə axşamı elan edib.

TASS dövlət xəbər agentliyinin hakimə istinadən verdiyi məlumata görə, məhkəmə “Ukraynanın hərbiləşdirilmiş Azov birləşməsinin terror təşkilatı kimi tanınması və onun Rusiya Federasiyası ərazisində fəaliyyətinin qadağan edilməsi” haqqında qərar çıxarıb.

Qərar dərhal qüvvəyə minib.

“Azov” alayı Ukrayna Milli Qvardiyasının tərkibində olan könüllülərdən ibarət ifrat sağçı könüllü qrupdur. Əvvəllər “Azov” Batalyonu kimi tanınan qrup ABŞ hüquq-mühafizə orqanlarının neonasist ekstremizm ilə əlaqələndirdiyi ultra-millətçi ideologiyaya malikdir. Tərəfdarları isə onu ölkənin vətənpərvər və təsirli müdafiə qüvvələrinin hissəsi kimi görür.

Rusiya yanlış olaraq Ukraynanın nasistlər tərəfindən idarə olunduğunu iddia edir və bu ittihamdan ölkəyə əsassız müdaxiləyə bəraət qazandırmaq üçün istifadə edir.

“Azov” alayı əsgərlərinin bəzi qohumları məhkəmənin qərarının Rusiyaya təslim olanların və ya Rusiya qüvvələri tərəfindən əsir götürülənlərin terrorçu kimi mühakimə oluna biləcəyindən narahatdırlar.

“Azov” alayı mayın ortalarında təxminən 2500 döyüşçüsü təslim olana qədər ölkənin cənubundakı Mariupol şəhərində Rusiya qüvvələrinə qarşı aylarla döyüşüb.

XS
SM
MD
LG