Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 60 min ukraynalı uşaq Lvivdəki Müqəddəs Nikolay Uşaq Xəstəxanasında müalicə alıb. Onların arasında Donbas bölgəsindəki Vuhledardan qız da olub.
Bu video 2022-ci ilin yayında çəkilib. Güclü ağrılara baxmayaraq, 9 yaşlı Veronika əlini tərpətməyə çalışır. Ona fizioterapevt Serhiy Xuda yardım edir. "O, qohumları ilə bombadan qorunma sığınacağında qalıb. Bütün ailə doqquz nəfərdən ibarət olub. Şahidlər deyirlər ki, sığınacağa tank mərmisi düşüb".
Hücum 2022-ci ilin aprelində Donbas bölgəsinin Vuhledar şəhərində baş verib. Veronikanın ailəsi partlayışlardan yaşayış binasının zirzəmisində gizlənirdi. Onlar doqquz nəfər idi. Hücum zamanı onu nənəsi və babası qoruyub. Valideynləri, babaları, nənələri, bibiləri və əmiləri ölüb. Yeganə sağ qalan Veronika olub. "Nina nənə orada idi. Papa Anton da. Anamı xatırlamıram. Orada Anya xala, Oleh dayı da var idi. Bəlkə də Oleh deyildi?"
Veronika xəstəxanaya ağır vəziyyətdə, başında və boynunda mərmi parçaları ilə gətirilib. O, bir neçə ay Lvivdəki Birinci Tibb Birliyinin Müqəddəs Nikolay Uşaq Xəstəxanasında yeriməyi, əlində əşya tutmağı və gülümsəməyi yenidən öyrənib.
Bir sıra xəstəxanalardan ibarət Lviv Birinci Tibb Birliyi Ukraynanın arxa cəbhəsində ən böyük tibb mərkəzinə çevrilib. Müharibə başlayandan bəri "Qırılmayan" adlı reabilitasiya mərkəzi və uşaq reabilitasiya şöbələri açılıb.
Veronikanın tibb bacılarından biri, Snijana Şmihelyuk o yaralı qızı xatırlayır. "Hər səhər içəri girəndə, paltarımızı dəyişməmişdən əvvəl o, bizi gözləyirdi. Biz gedəndə o ağlayırdı. Qayıdacaq yeri olmadığını üçün ona evə getdiyimizi demək çətin idi".
Müalicəsindən və sağalmasından bir il sonra Veronika hələ də onu xilas edən insanlara baş çəkmək üçün xəstəxanaya gəlir.
Bu gün o, uşaq evində yaşayır və məktəbə gedir. Bir il əvvəl onun kifayət qədər normal həyat sürəcəyini təsəvvür etmək çətin idi. Veronika Kulikova: "Mən burada çox adam tanıyıram. Onlar mənim dostlarımdır. Bu gün mənim üçün ən yaxşı gündür".
Veronika Rusiya Ukraynanı işğal etdiyindən bəri Lviv həkimləri tərəfindən xilas edilən 350 ağır yaralı uşaqdan biridir.
Fizioterapevt Xuda onların hamısını xatırlayır. "Heç vaxt unutmuram. Onların hamısı həyatımızın bir hissəsinə çevrilib".
Reabilitasiya üzrə direktor müavini İqor Koşivka deyir ki, Birinci Tibb Birliyinə avadanlıq almaq üçün 950 min dollar toplamağa çalışır. "Əvvəllər biz ildə 600 xəstəni reabilitasiya edirdik. İndi bu genişlənmə sayəsində təxminən 1200 xəstəyə yardım edirik."
UNİCEF-in məlumatına görə, 2022-ci ilin fevralında Rusiya hərbi müdaxiləyə başlayandan bəri 1000-dən çox ukraynalı uşaq yaralanıb və 525 uşaq ölüb.