Accessibility links

Ukrayna: Krımdakı aviabazada Rusiyanın 9 döyüş təyyarəsi məhv edilib


Ukrayna Hərbi Hava Qüvvələri bildirdiyinə görə, çərşənbə axşamı Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasındakı aviabazada baş verən güclü partlayışlar zamanı Rusiyanın doqquz döyüş təyyarəsi məhv edilib. Ukrayna prezidenti Volodimir Zelenski partlayışlardan bir neçə saat sonra Krımı geri alacağına söz verib.

Ukrayna Saki aviabazasındakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməsə də, Rusiyanın hücumu inkar etməsini lağa qoyub. Moskva sursatların alovlandığını və partladığını, nəticədə bir nəfərin öldüyünü və azı 13 nəfərin yaralandığını bildirib.

ABŞ-ın “The New York Times” və “The Washington Post” xəbər qurumları adı açıqlanmayan Ukrayna rəsmilərinə istinadən Krımın qərb sahilindəki bazaya hücuma görə Kyiv qüvvələrinin məsuliyyət daşıdığını bildirsələr də, heç bir təfərrüat verməyiblər.

The New York Times xəbər verib ki, mənbə partlayışlara hansı növ silahın səbəb olduğunu açıqlamayıb, lakin əlavə edib ki, “Ukrayna istehsalı olan silahdan istifadə olunub”.

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç çərşənbə axşamı deyib ki, partlayışlar ya Ukrayna istehsalı olan uzaqmənzilli silahdan istifadə olunmaqla törədilib, ya da bu, Krımda fəaliyyət göstərən partizanların işidir.

Moskva Saki aviabazasından Ukraynanın cənubuna hücumlar üçün raket sahəsi kimi istifadə edib.

Çərşənbə axşamı gecə videomüraciətində Zelenski Ukraynanın Krımı geri alacağına söz verib və “Rusiyanın Ukraynaya və bütün azad Avropaya qarşı bu müharibəsi Krımdan başlayıb və Krımın azad edilməsi ilə bitməlidir” deyib.

Rusiya hökuməti çərşənbə günü aviabazada baş verən partlayışların əhəmiyyətini azaldaraq, bir çox ruslar üçün yay mövsümündə məşhur turizm məkanı olan yarımadadakı otellərə və çimərliklərə təsir etmədiyini bildirib. Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülərdə tüstü qalxdığı üçün insanların yaxınlıqdakı çimərlikdən təhlükəsiz əraziyə qaçdığını görmək olub.

Əgər Ukrayna qüvvələri həqiqətən də partlayışları həyata keçiriblərsə, bu, Rusiyanın Krımda hərbi obyektinə ilk iri hücumdu. Ukraynalı diversantlar keçən ay Rusiyanın Qara dəniz donanmasının Krımın Sevastopol limanında yerləşən qərargahına kiçik dron hücumu həyata keçirib.

XS
SM
MD
LG