Ukrayna yanvarın 16-da Rusiyanı hökumət saytlarının fəaliyyətini dayandıran kiberhücumun arxasında durmaqda ittiham edərək əlavə edib ki, Moskva qonşusuna qarşı getdikcə daha intensiv “hibrid müharibə” aparır.
Yanvarın 14-də Ukrayna hökuməti Xarici İşlər, Energetika və Mülki Müdafiə Nazirliyinin saytları da daxil olmaqla, bir çox saytların sıradan çıxmasına səbəb olan kiber hücuma məruz qalıb.
“Bütün dəlillər kiber hücumun arxasında Rusiyanın dayandığını göstərir. Moskva hibrid müharibə aparmağa davam edir və öz qüvvələrini informasiya və kiberməkanda fəal şəkildə artırır”, Rəqəmsal İnkişaf Nazirliyinin yanvarın 16-da verdiyi bəyanatda deyilir.
Kiber hücum Moskvanın Ukrayna ilə sərhədə təxminən 100 000 əsgəri qüvvə cəmləşdirməsi və gərgin qarşıdurmanı həll etmək üçün danışıqların dalana dirənməsindən sonra Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalının artdığı bir vaxta təsadüf edir.
Hücumçuların yanvarın 14-də internetdə veb saytların kütləvi şəkildə pozulması zamanı buraxdıqları mesajda ukraynalılara “qorxun və ən pisini gözləyin” deyilir.
ABŞ-ın texnologiya şirkəti Microsoft yanvarın 15-də bloq yazısında bildirib ki, şirkətin təhlükəsizlik üzrə mütəxəssisləri Ukraynada onlarla dövlət kompüterində onları yararsız hala sala biləcək zərərli proqram aşkarlayıb.
Microsoft şirkətinin bildirdiyinə görə, zərərli proqram fidyə proqramı (ransomware) kimi maskalansa da, onun əsl məqsədi hakerlərin əmri ilə məlumatları məhv etməkdən ibarət olub.
Ukrayna milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Serhiy Demedyuk yanvarın 15-də bildirib ki, haker hücumunun arxasında belə görünür Belarusun kəşfiyyat agentliyi dayanır.
Demedyuk, hücumun arxasında UNC1151 kimi tanınan qrupun olduğunu deyib.
“Bu, Belarus Respublikasının xüsusi xidmət orqanlarına bağlı kiber casus qrupudur”, o, Reuters agentliyinə yazılı açıqlamasında bildirib.
Rusiya dəfələrlə Ukraynanın haker hücumu ilə bağlı ittihamlarını rədd edib.