Accessibility links

Ukraynanın müdafiə naziri: Qoşunlar Polşada Almaniya tanklarında təlim keçəcək


Leopar 2 tankı.
Leopar 2 tankı.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov deyir ki, Qərb müttəfiqlərinin cümə günü Kyivi Almaniya istehsalı tanklarla təmin edib-etməmək barədə qərara gəlməmələrinə rəğmən, Ukrayna qüvvələri Leopard 2 döyüş tanklarından istifadə etməklə bağlı təlim keçəcəklər.

Reznikov cümə günü Amerikanın Səsinin Ukrayna xidmətinə bildirib ki, əsgərlərə tanklarla bağlı təlimlər Polşada keçiriləcək. O bunu irəliləyiş kimi qiymətləndirib.

“Leopard tankları olan ölkələr bizim tank komandalarımıza təlim keçməyə başlaya bilərlər. Biz bununla başlayacağıq, daha sonra nə olacağına baxarıq. Ümid edirəm ki, Almaniya prosesi təqib edəcək, daxili məsləhətləşmə aparacaq və tankları transfer etmək qərarına gələcək. Mən bundan nikbinəm, çünki ilk addım atıldı. Biz tank komandamıza Leopar 2 ilə bağlı təlim proqramına başlayacağıq,” Reznikov deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin baş müşaviri ölkə müttəfiqlərinin verdiyi hərbi dəstəyin sürəti ilə bağlı məyusluğunu ifadə edib və onları “daha sürətli düşünməyə” çağırıb.

“Siz onsuz da Ukraynaya lazım olan silahalrla yardım edəcəksiniz və müharibəyə Rusiyanı məğlub etməkdən başqa yolla son qoymağın mümkün olmadığını dərk edəcəksiniz,” Mixailo Podolyak Twitter-də yazıb. “Ancaq bügünkü qərarsızlıq daha çox insanımızı öldürür. Qərarın yubadıldığı hər gün ukraynalıların ölümüdür. Daha tez düşünün.”

Cümə günü ABŞ-ın müdafiə naziri Lloyd Austin və Birgə Qərargahlar rəisi, ordu generalı Mark Milli deyib ki, hazırda Almaniya Ukraynaya Leopad 2 tankları verməyəcək. Onlar bunu Almaniyada ABŞ-ın Ramşteyn hava bazasında Ukraynaya dəstəklə bağlı beynəlxalq konfransdan sonra keçirilən mətbuat brifinqində deyiblər.

Görüş Kyivin Ukraynaya tanklar göndərməklə bağlı fikir ayrılığından dolayı məyus olduğu bir vaxta təsadüf edib. Zelenski görüşdə tanklar üçün birbaşa çağırış edib.

Reznikov nəticədən məmnun olduğunu deyib: “Mən hesab edirəm ki, bu gün keçirilən bu görüşdə əsas konsepsiya birlik, yardımın çatdırılma qrafiki və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücum əməliyyatlarını davam etdirmək üçün Ukrayna silahlı qüvvələrinin imkanlarının artırılması oldu. Daha öncə elan olunan bütün yardım paketləri təsdiqləndi. Bundan əlavə bağlı qapılar arxasında bəzi yeni oaketlər müzakirə olundu, ammaca mən hələ ki, onları açıqlaya bilmərəm. Bu ruhlandırıcıdır. Mən çox məmnunam.”

Austin Almaniyanın Leopard tanklarını göndərməməsi ilə ABŞ-ın öz Abrams tanklarını göndərməməsi arasına bir əlaqənin olduğunu inkar edib. “Biz hazırda diqqəti Ukraynanın müvəffəq olması üçün lazım olan imkanlarını təmin etməyə ayırmışıq. Yəni bizim - indi ilə baharda…onlar əməliyyata, əks-hücuma başladıqları vaxta qədər - fürsət pəncərəmiz var,” o deyib.

ABŞ-ın yeni 2.5 milyard dəyərində yeni yardım paketi ilə birlikdə, Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Amerikanın Ukraynaya ümumi hərbi dəstəyi 27 milyard dollara çatıb.

XS
SM
MD
LG