Accessibility links

Rusiya Odesaya raket zərbəsi endirib, ən azı 20 nəfər həyatını itirib


İyulun 1-də erkən saatlarda Rusiya Ukraynanın Odesa vilayətinə raket zərbələri endirib. Nəticədə ən azı 20 nəfər həyatını itirib. Onlarla yaralının olduğu xəbər verilir. Hədəfə alınan obyektlərdən ən azı biri yaşayış binası olub.

Hadisə yerindən əldə edilmiş görüntülərdə Odesadan təxminən 50 km cənub-qərbdə yerləşən kiçik Serivka qəsəbəsində yanan binalar görünür.

Ukrayna xəbər agentlikləri raketlərin çoxmərtəbəli yaşayış binası və kurort zonasını vurduğunu bildirib.

“Terrorçu ölkə xalqımızı öldürür. Döyüş meydanındakı məğlubiyyətlərə cavab olaraq dinc sakinlərə qarşı döyüşürlər” deyə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak Twitter hesabında yazıb.

Ukrayna fövqəladə hallar rəsmiləri ikisi uşaq olmaqla 20 nəfərin öldüyünü bildirib. Aralarında 6-sı uşaq olmaqla azı 38 nəfər yaralanıb.

Hava zərbələri iyunun 30-da Rusiya qüvvələrinin İlan adasından geri çəkilməsindən sonra həyata keçirilib ki, bununla Odesa üçün potensial təhlükənin azalması gözlənilirdi.

Kreml İlan adasından geri çəkilməni “xoşməramlı jest” adlandırsa da, Ukrayna ordusu iddia edib ki, artilleriya və raket zərbələri rusları iki kiçik sürətli qayıqla adadan qaçmağa məcbur edib. Çıxarılan qoşunların dəqiq sayı açıqlanmayıb.

Odesa bölgəsinə hücumlar Rusiya Prezidenti Vladimir Putinin genişmiqyaslı işğala başlamasının 19-cu həftəsinə təsadüf edir.

XS
SM
MD
LG