Accessibility links

Ukrayna rəsmisi səkkiz kəndin geri alındığını bildirir


Ukrayna Müdafiə Nazirinin müavini Hanna Malyar iyunun 19-da bildirib ki, Ukrayna qüvvələri son iki həftə ərzində Zaporijjya bölgəsindəki Pyatıxatki də daxil olmaqla 8 yaşayış məntəqəsini geri alıb.

Malyar Ukraynanın Rusiya qüvvələri tərəfindən ələ keçirilən ərazilərə nəzarəti geri qaytarmaq məqsədi daşıyan əks-hücum əməliyyatı başlayandan bəri Ukraynanın 113 kvadrat kilometr ərazini azad etdiyini bildirib.

Rusiya rəsmiləri bildiriblər ki, Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod vilayətinin atəşə tutulması nəticəsində 7 mülki şəxs yaralanıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram hesabında zərbələrin bir neçə yaşayış binasını vurduğunu bildirib.

Digər Rusiya rəsmisi isə Ukraynanın Kursk vilayətində iki kəndi atəşə tutduğunu bildirib.

Britaniyanın müdafiə nazirliyi bazar ertəsi verdiyi son qiymətləndirmədə bildirib ki, Rusiya “yüksək ehtimalla” minlərlə əsgəri Rusiya qüvvələrinə əlavə dəstək olaraq, Dnepr çayının şərq sahillərindən Baxmut və Zaporijjya bölgələrinə yerləşdirib. Böyük Britaniyanın müdafiə nazirliyi bildirib ki, bu addım “ehtimal ki, Kaxovka bəndinin dağılması və nəticədə baş verən daşqınlardan sonra Ukraynanın Dnepr üzərindən böyük hücumu ehtimalının azaldığına dair Rusiyanın yanaşmasını əks etdirir”.

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya “işğal etdiyi əraziləri itirəcək”.

Avropa İttifaqının sənaye üzrə rəhbəri Tyerri Breton bazar günü Fransanın Le Parisien qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqı Ukraynaya silah və sursat çatdırmaq üçün səyləri gücləndirir. “Biz daha bir neçə ay, hətta daha uzun sürəcək müharibəyə hazırlaşırıq” – deyə, o qeyd edib.

XS
SM
MD
LG