İki ukraynalı qadın - könüllü Lyudmila Hüseynova və hərbi baş həkim Anna Olsen Rusiyanın işğalı altında olan Ukrayna ərazisində və Rusiyada həbsdə olub. Onlar ABŞ-a öz hekayələrini danışmaq və hərəkətə keçmək çağırışı etmək üçün gəlib.
Rusiya Ukraynaya hərbi müdaxilə edəndə həm əsgərlər, həm də mülki şəxslər olmaqla, 2000-ə yaxın ukraynalı əsri götürülüb, daha sonra isə əsir mübadiləsi çərçivəsində azad edilib.
Biri könüllü, biri hərbi həkim olan iki ukraynalı qadın Rusiya ilə məhbus mübadiləsi nəticəsində sərbəst buraxılandan sonra hekayələrini danışmaq üçün ABŞ-a gəlib. Lyudmila Hüseynova: "Mənə səhər saat 6-dan axşam 10-a qədər nə oturmağa, nə də uzanmağa icazə verilirdi. Mən ya yeriməli, ya da bir yerdə dayanmalı idim. Bir dəfə o qədər yoruldum ki, 10-a bir neçə dəqiqə qalmış yatağa girdim. Məni yerə yıxdılar və döyməyə başladılar. Mən orada həmişə işgəncələrə məruz qalan kişi və qadınların qışqırıqlarını eşidirdim".
Lyudmila Hüseynova 2019-cu ildə Donetsk vilayətində şəhər sakinlərinin onun Ukraynayönlü mövqeyindən şikayətindən sonra həbs edilib. O, növbəti üç ili cinayətkarlarla Donetsk təcridxanasında keçirib. "Mən tanımadığım qadınlarla birlikdə yatırdim. Biri vərəm xəstəsi idi. Digəri də xəstə idi. Yatdığın yer bu idi. Yerdə parça ilə örtülmüş bir dəlik də var idi, ora da tualet idi. Sən orada çimir, həm də qab yuyurdun".
Hüseynova 2022-ci ilin oktyabrında qadın məhbusların mübadiləsi zamanı azad edilib.
Hərbi həkim Anna Olsen 2022-ci ilin aprelində Mariupolda idi və onun himayəsində 1000-ə yaxın yaralı var idi. Onun briqadası təslim olduqdan sonra Anna aylarla Ukraynanın işğal olunmuş ərazisi Olenivkada, sonra isə Rusiyada Taqanroq, Kursk və Belqorod vilayətlərində həbsdə saxlanılıb. Anna Olsen: "Ən ağır vəziyyət Taqanroqda idi. Ən çox fiziki və mənəvi təzyiqi orada yaşadıq. Təzyiq və işgəncələr".
Rusiya dəfələrlə məhbuslarla pis rəftar, hərbi cinayətlər və ya işgəncə halları ilə bağlı hər hansı faktı müzakirə etməkdən imtina edib. Moskva onları "saxta xəbərlər" adlandırıb və ya bəzi hallarda ukraynalılar tərəfindən Rusiyanı gözdən salmaq cəhdləri olduğunu deyib.
Lakin Olsen ruslar tərəfindən hərbi əsirlərə qarşı Cenevrə Konvensiyasının çoxsaylı pozuntularından - işgəncə, tibbi yardımdan imtina, psixoloji zorakılıq və ərzaq çatışmazlığı kiimi hallardan danışır.
İndi bu iki qadın ukraynalı mülki vətəndaşları rus əsirliyindən azad edəcək xüsusi mexanizm yaratmağa çalışır. Anna Olsen: "Cenevrə Konvensiyası hərbi əsirlərin mübadiləsi imkanını təmin edir, lakin əsirlikdə olan mülki şəxslər üçün belə bir mexanizm yoxdur".
Lyudmila Hüseynova: "Belə bir mexanizm yaradın, hələ də orada olan kişi və qadınları xilas etməyə bizə yardım edin. Orada iki, dörd, beş ildir, Rusiyanın işğalı başlayandan daha əvvəl saxlanılan məhbuslar var."
Ukrayna hökumətinin məlumatına görə, 2022-ci ilin sonunda 3400-ə yaxın Ukrayna vətəndaşı Rusiya əsirliyində olub, onların 40%-i mülki şəxslərdir.