Accessibility links

Putin Ukraynanın Luqansk vilayətində qələbə əldə edildiyini elan edib


Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ukrayna qüvvələrinin ölkənin şərqindəki Luqansk vilayətinin Lisiçansk şəhərində son istehkamından geri çəkilməsindən sonra qələbə əldə edildliyini elan edib.

Moskva qüvvələrinin diqqətini dərhal qonşu Donetsk vilayətindəki döyüşlərə yönəldib. Bu, Ukrayna prezidenti Volodimir Zelenski hökumətini devirmək və ya paytaxt Kyivi ələ keçirməkdə uğursuzluğa uğradıqdan sonra Putinin Ukraynaya artıq beşinci aydır davam edən müdaxiləsi zamanı nəzarəti ələ keçirməyə çalışdığı sənayeləşmiş Donbas bölgəsinin bir hissəsidir.

Ukraynanın bildirdiyinə görə, Rusiya qüvvələri hazırda təxminən yarısı Rusiyanın nəzarətində olan Donetsk vilayətindəki Siversk, Fedorivka və Baxmuta doğru irəliləməyə çalışır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar ertəsi televiziya ilə nümayiş etdirilən görüş zamanı Putinə bildirib ki, Rusiya qüvvələri Luqanskda nəzarəti ələ keçirib. Öz növbəsində Putin deyib ki, Luqanskda “aktiv döyüşlərdə iştirak edən və qələbə qazanan” hərbi birləşmələr “dincəlməli, döyüş imkanlarını artırmalıdır”.

Luqansk qubernatoru Serhiy Hayday bazar ertəsi Associated Press agentliyinə Ukrayna qüvvələrinin Lisiçanskdan mühasirəyə düşməmək üçün geri çəkildiyini bildirib.

Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri Siversk, Fedorivka və Baxmuta doğru irəliləməklə yanaşı, Donetskdə Ukraynanın əsas istehkamları olan Sloviansk və Kramatorsk ərazilərini də atəşə tutur.

Bazar ertəsi Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat brifinqində Donbasdakı döyüşlər “ağır və yorucu” adlandırılıb və vəziyyətin yaxın həftələrdə çətin dəyişə biləcəyi qeyd edilib.

Hərbi təhlilçilərin fikrincə Rusiya ordusu atəş gücündə böyük üstünlüyə malik olsa da, qoşunların sayında heç bir ciddi üstünlüyə malik deyil. Ukrayna Rusiyanın Donbasda hücumuna qarşı ABŞ da daxil olmaqla, Qərb ölkələrindən davam edən silah-sursatla cavab verəcəyinə ümid edir.

XS
SM
MD
LG