Accessibility links

Ukrayna Ali Radası "raşizmi" Rusiyanın dövlət ideologiyası kimi tanıyıb


Ukraynanın Ali Radası "Rusiya Federasiyasının siyasi rejiminin irqçilik ideologiyasından istifadə etdiyi raşizm (faşizminin rus versiyası) prinsipləri, totalitarlıq və misantropizm olduğu haqda" bəyanat qəbul edib. Bu barədə Ukrayna parlamentinin Teleqram kanalında məlumat verilib.

Sənəddə müharibənin "Vladimir Putinin siyasi rejimi keçmişin ən pis təcrübələrini təqlid edən və müasir dövrdə faşizm və milli sosializm ideyalarını təcəssüm etdirən neoimperiya, totalitar diktatura kimi əsl mahiyyətini bütün dünyaya ifşa etdi" - deyə, bildirilib.

BBC-nin rus xidmətinin Ukraynadakı müxbiri Svyatoslav Xomenko bunu belə izah edir: "Ukrayna qanunvericilərinin məqsədi sadəcə olaraq insanlara siyasətdə, jurnalistikada, mədəniyyətdə və dünyanın müxtəlif dillərində güclü və etibarlı şəkildə istifadə olunacaq bir vəziyyətdə olan "raşizm" sözünü çatdırmaq, Rusiyanın sözdə pislədiyi faşist rejiminin təcrübələrindən həqiqətən də fəal istifadə etdiyini göstərməkdir".

Ali Rada, həmçinin BMT-yə, Avropa Parlamentinə, AŞPA-ya, ATƏT və NATO-nun parlament asambleyalarına, xarici dövlətlərin hökumət və parlamentlərinə müraciət edərək, "raşizm" ideologiyasının, siyasətinin və praktikasının pislənməsini dəstəkləməyə çağırıb.

Ukraynalı deputatlar beynəlxalq ictimaiyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyini Ukraynaya və onun xalqına qarşı cinayət törətdiyinə görə məsuliyyətə cəlb etməyə imkan verəcək real tədbirlər görməyə çağırıb.

2022-ci ilin aprelində Ukrayna prezidenti Volodimir Zelenski tarix kitablarında bu terminin Rusiyanı xarakterizə edəcəyini deyib. "Bu, nasizmdir: Onların törətdikləri qətllər, işgəncələr, azyaşlı uşaqlara qarşı zorakılıqlar, zorlamalar. Onların dövləti kitablarda və tarixdə heç kimin uydurmadığı həm Ukraynada, həm də Avropada hər kəsin təkrarladığı bir sözlə - raşizm sözü ilə tanınacaq" - deyə, Zelenski bildirib.

XS
SM
MD
LG