Accessibility links

Ukrayna ölkənin şərqində şiddətli döyüşlərin getdiyini bildirir


Ukraynalılar və ruslar pravoslavların Milad bayramını qeyd etdiyi bir vaxt, Rusiyanın 36 saatlıq atəşkəs elan etməsinə baxmayraraq, ölkənin şərqində döyüşlər davam edib. Ukrayna Putinin atəşkəslə bağlı əmrinin onun qoşunlarının mövqeyini dəyişmək və gücləndirmək üçün bir hiyləsi olduğunu bildirib.

Dindarlar bayramı qeyd edərkən, 6-7 yanvar tarixlərində Ukraynanın şərqindəki şəhərlərdə döyüşlərdə ciddi azalma müşahidə olunmayıb.

Rusiya ordusunun Baxmut şəhərinə açdığı atəş nəticəsində iki nəfər, 66 yaşlı bir kişi və 61 yaşlı bir qadın öldürülüb. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat verib.

13 nəfər isə minaların partlaması nəticəsində xəsarət alıb. Baş Prokurorluğun məlumatına görə, atəş nəticəsində yaşayış minaları və başqa obyektlər dağılıb və ya zərər görüb.

Qurbanlar yanvarın 6-da həyatını itirsə də, onlarla bağlı detallar ilk yanvarın 7-də açıqlanıb.

Ordunun sözçüsü Serhiy Çerevatıy Ukrayna televiziyasına bildirib ki, Baxmut və regiondakı bir digər şəhər, Soledar, Ukrayna qüvvələrinin nəzarəti altında qalır, baxmayaraq ki, yanvarın 7-də atışma və toqquşmalar davam edib.

“Bizim silahlı qüvvələrimiz və komandanlığımız düşmənə personal və texnika baxımından maksimum ziyan vurmaq…və qüvvələrini mümkün qədər qorumaq üçün əlindən gələni edir,” Çerevatıy bildirib.

O əlavə edib ki, Rusiya ordusunun taktikaları dəyişməyib: Onlar davamlı olaraq Ukrayna müdafiəçilərinin mövqelərinə “yuvarlanan” personaldan istifadə edirlər. Ukrayna əsgərləri “müdafiə mövqeyindədir, amma taktiki vəziyyət bəzən onları mövqelərini dəyişməyə məcbur edir,” o deyib.

Çerevatıy deyib ki, həmçinin Svatove-Kreminna istiqamətində də döyüş əməliyyatları aparılıb. Rusiya qüvvələri müəyyən istiqamətlərdə yenidən qruplaşır, əks hücum etməyə çalışır, amma əhəmiyyətli itkilər verir və geri çəkilir, o deyib.

Döyüş meydanında baş verənlərlə bağlı iddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Çerevatıy Putinin Milad bayramı münasibətilə atəşkəs elan etmək əmri ilə bağlı isə “Əlbəttə ki, bu baş vermədi” deyib.

Ukrayna Prezidentinin müşaviri Mixaylo Podolyak yanvarın 7-də Moskvanın atəşkəsini “saxta” adlandırıb və Rusiya qoşunlarını bütöv təmas xətti boyunca atəş açmaqda günahlandırıb.

Putin yanvarın 6-da gündüz saat 12-dən etibarən yanvarın 7-də gecə saat 12-dək atəşkəs elan edib.

Rusiya Müdafiə Nazirliyi qüvvələrinin atəşkəsə əməl etdiklərini təkid edib, amma deyib ki, ordu Ukraynanın şərqində Ukrayna qüvvələrinin hücumlarının qarşısını alıb və yanvarın 6-da onlarla əsgəri öldürüb.

XS
SM
MD
LG