Accessibility links

Putin Ukraynanın dörd işğal olunmuş rayonunun Rusiya ilə birləşdirilməsinə dair sənədlər imzalayıb


Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin çıxış edərək, Rusiya qoşunları tərəfindən işğal edilmiş özünü “Donetsk Xalq Respublikası” (DXR), “Luhansk Xalq Respublikası” (LXR) adlandıran ərazilərin və Xerson və Zaporijye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi haqqında sazişlər imzaladığını bəyan edib. O, “Bu, milyonlarla insanın iradəsidir” deyib.

Putin Kyivi Ukraynanın işğal olunmuş ərazilərində "dərhal atəşi dayandırmağa" çağırıb və bildirib ki, "Donetsk və Zaporijye" sakinləri həmişəlik Rusiyaya qayıdıb. Bununla belə, Zaporijye heç vaxt Rusiya tərəfindən işğal olunmayıb və Zaporijye vilayətinin bir hissəsinin işğalına baxmayaraq, Kyivin nəzarətindədir.

"Biz danışıqlar masası arxasına əyləşməyə hazırıq, lakin Zaporijye və Xersonun statusunu müzakirə etməyəcəyik" Putin bildirib. O, bəyan edib ki, işğal olunmuş bğlgələrin sakinləri “öz xalqı ilə, öz taleyi ilə olmaq seçimi edib”.

O, həmçinin bildirib ki, Ukraynadakı müharibədə Rusiyaya “Qərbin hakim dairələri” müqavimət göstərirlər.

“Onlar sadəcə Rusiyanın belə təbii sərvətlərə malik və başqasının əmri ilə yaşamayacaq insanlarının olmasından narahatdırlar. Biz indi də öz dəyərlərimizi qorumağa hazırlaşırıq” deyib, Putin.

“Rusiya min illik tarixi olan böyük bir güc və sivilizasiyadır və Qərbin saxta qaydaları ilə yaşamayacaq” - deyə, Putin bildirib.

O, Qərbin qaydalarını “axmaqlar üçün hesablanmış” adlandırıb. O, Qərb ölkələrini “irqçi” və “müstəmləkəçi” adlandıraraq, “Onlar bütöv xalqları və dövlətləri ləkələyir” deyə, vurğulayıb.

Sazişləri imzaladıqdan sonra Putin qanuna əsasən, bu sənədlərin əsas qanun normalarına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Müqavilələrin Rusiya Federasiyası Konstitusiyasının normalarına uyğunluğunun tanınması prosedurundan sonra onlar ratifikasiya üçün Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcək.

Rusiyanın Ukraynanın dörd regionunun ilhaqını qeyd etməyi planlaşdırdığı gün Zaporijye şəhəri yaxınlığında humanitar karvan Rusiya tərəfindən atəşə tutulub.

Rəsmilər Zaporijye yaxınlığında azı 23 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını, Nikolayevdə isə azı 3 nəfərin öldüyünü, azı 12 nəfərin yaralandığını bildirib. Konvoylar işğal olunmuş ərazilərdən ailə üzvlərini xilas etmək üçün oraya gedən maşınlardan ibarət olub.

Bu arada Finlandiya sərhədini ruslar üçün bağlayan ən sonuncu ölkədir. Finlandiyanın sərhədini bağlaması rusiyalı kişilərin Ukraynanın işğalını davam etdirmək üçün Rusiyanın hərbi səfərbərliyindən qaçdığı vaxta təsadüf edir. Bundan əlavə, Rusiya səfərbərlikdən yayınmaq üçün ölkəni tərk edənlərin qarşısını almaq üçün öz sərhədlərində çağırış məntəqələri açmağa başlayıb.

Bundan öncə BMT-nin Baş katibi Antonio Quterreş planlaşdırılmış ilhaqı qəti şəkildə pisləyib, bunun qeyri-qanuni olduğunu və “qəbul edilməməlidir” deyib.

"BMT Nizamnaməsi aydındır. Bir dövlətin başqa dövlətin ərazisinin güc tətbiqi və ya hədələməklə ilhaq etməsi BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin pozulmasıdır", Antonio Quterres cümə axşamı jurnalistlərə deyib.

O, ilhaqı davam etdirmək üçün istənilən qərarın "heç bir hüquqi dəyəri olmadığını və qınamağa layiq olduğunu" deyib.

Ukrayna və onun müttəfiqləri ilhaqa cavab olaraq, Moskvaya qarşı yeni sanksiyalara hazırlaşırlar.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində ruslara birbaşa üz tutub və Rusiya prezidenti Vladimir Putinə dolayısı ilə istinad edərək “Bunu hələ də dayandırmaq olar. Lakin bunu dayandırmaq üçün Rusiyada müharibəni həyatdan çox istəyən dayandırmalıdır. Sizin həyatınız, Rusiya vətəndaşları” deyib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, cümə günü keçiriləcək mərasimdə əsas nitq söyləyəcək Putin və bu həftənin əvvəlində Rusiyanın təşkil etdiyi referendumların keçirildiyi regionların Rusiya tərəfindən təyin edilmiş rəhbərləri çıxış edəcək.

BMT-nin baş katibi Quterreş cümə axşamı “Mən vurğulamaq istəyirəm ki, işğal olunmuş bölgələrdə qondarma referendumlar aktiv silahlı döyüşlər zamanı, Rusiyanın işğalı altında olan ərazilərdə və Ukraynanın hüquqi və konstitusiya çərçivələrindən kənarda keçirilib. Onları xalqın iradəsinin həqiqi ifadəsi adlandırmaq olmaz” deyib.

Almaniya kansleri Olaf Şolz cümə axşamı Twitter hesabında Zelenskiyə Almaniyanın “qondarma nəticələri” heç vaxt tanımayacağını yazıb. Şotlz "Putinin Ukraynanın qanunsuz işğal olunmuş ərazilərində keçirdiyi saxta referendumların heç bir dəyəri yoxdur" deyib.

Vaşinqtonda Demokrat senator Riçard Blumental Rusiyanın son addımlarına cavab olaraq özünün və Respublikaçı senator Lindsi Qrahamın dəstəklədiyi qanun layihəsi haqqında danışıb.

“Bu gün senator Qraham və mən Vladimir Putinin Ukraynanın dörd regionunu qanunsuz ilhaqını tanıyan hər hansı bir ölkəyə iqtisadi və hərbi yardımın dərhal kəsilməsini tələb edən qanun layihəsini təqdim edirik” deyib.

Ağ Evin mətbuat katibi Karin Jan Pyer çərşənbə günü jurnalistlərə “Rusiya nə deyirsə desin, ərazilər Ukrayna ərazisi olaraq qalır” deyib.

XS
SM
MD
LG