Accessibility links

ABŞ diplomatları Ukraynaya qayıdır


ABŞ-ın yüksək səviyyəli rəsmiləri bazar ertəsi Amerika diplomatlarının bu həftə Ukraynaya qayıtmağa başlayacaqlarına, Birləşmiş Ştatların Ukraynanın Rusiyaya qarşı müharibə səylərinə dəstək üçün daha çox hərbi yardım göndərəcəyinə və digər ölkələri də buna sövq edəcəyinə söz verib.

ABŞ müdafiə naziri Lloyd Ostinlə birlikdə Kyivə səfər edən ABŞ dövlət katibi Antoni Blinken Polşada jurnalistlərə Rusiya Ukraynanın bəzi bölgələrində "qəddarlıq etməyə" çalışsa da, "ukraynalılar möhkəm dayanıb və bunu bizim dünyanın hər yerindən koordinasiya etdiyimiz dəstəyimizlə edir" deyib.

Blinken deyib ki, o və Ostin həm ABŞ-ın Ukraynaya dəstəyini nümayiş etdirmək, həm də münaqişə irəliləyərkən ölkəsinin nəyə ehtiyacı olduğunu prezidentin özündən eşitmək üçün Volodimir Zelenski və digər rəsmilərlə təxminən üç saat görüşüb.

"Biz ukraynalıların bunu mümkün qədər tez bir zamanda və ən yaxşı şərtlərlə sona çatdırması üçün əlimizdən gələni etmək istəyirik" - deyə, Blinken bildirib.

Zelenskinin ofisi bazar ertəsi müzakirələrə Ukraynaya müdafiə və maliyyə yardımı ilə yanaşı, təhlükəsizlik zəmanətlərinin də daxil olduğunu bildirib. Açıqlamada deyilib ki, Ukrayna tərəfi Rusiyaya qarşı sanksiyaların artırılmasına xüsusi diqqət yetirir. "Biz bu yolda növbəti addımların nədən ibarət olduğunu başa düşürük. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik" - deyə, Zelenski bildirib.

ABŞ yüksək səviyyəli rəsmilərinin dediyinə görə, Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın hücumlarına qarşı xaricdən daha təkmilləşmiş silahlar və hava hücumundan müdafiə sistemləri əldə etməsi üçün bu ölkəyə əlavə hərbi maliyyə yardımı ayırır.

"Biz 713 milyon dollardan çox xarici hərbi maliyyələşdirmə öhdəliyi götürmək niyyətindəyik. Buraya Ukrayna, Mərkəzi və Şərqi Avropa, Balkanların 15 müttəfiq və tərəfdaş dövlətləri üçün maliyyə daxildir. Və bu, xüsusən də Donbasdakı döyüşlər olmaqla, Ukraynanın ehtiyac duyduğu, sahələrə dəstək verəcək" - deyə, yüksək səviyyəli dövlət rəsmisi bildirib.

Xarici hərbi maliyyələşdirmənin yeni yardımı ilə ABŞ Rusiyanın işğala başlamasından bəri Ukraynaya təxminən 3,4 milyard, Bayden administrasiyası işə başlayandan sonra isə 4,3 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb.

Geri qayıdan ABŞ diplomatları əvvəlcə qərbdəki Lviv şəhərinə, daha sonra isə yenidən Kyivə qayıdacaq. Blinkenin sözlərinə görə, bu proses bir neçə həftə davam edə bilər.

XS
SM
MD
LG