Accessibility links

Avstraliya Ukrayna ordusuna təlim dəstəyini nəzərdən keçirir


Avstraliyanın Baş naziri Antoni Albanese
Avstraliyanın Baş naziri Antoni Albanese

Avstraliya Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın işğalına qarşı hərbi təlim dəstəyi vermək tələbini nəzərdən keçirir.

NATO üzvü olmayan Avstraliya Ukraynaya ən böyük hərbi yardım - raket və zirehli daşıyıcılar, eləcə də humanitar yardım göndərib. Avstraliya Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, artıq Rusiya təsisatlarına, onun siyasi və hərbi liderlərinə qarşı geniş sanksiyalar tətbiq edib.

Rusiyanın Ukraynada ölümcül raket hücumlarından sonra Avstraliya rəsmiləri münaqişənin "uzadılacağı"nın aydın olduğunu anlayıb və Kanberra hökumətinin "Ukrayna ilə uzunmüddətli perspektivdə necə dayanacağı üzərində işlədiyini” bildirib.

Fevral ayından bəri Avstraliya 9 minə yaxın ukraynalı qaçqına viza verib. Rusiya bunun cavabında Avstraliya və digər Avropa dövlətlərini, ABŞ, Yaponiya və Cənubi Koreyanı "dost olmayan ölkələr" siyahısına salıb.

Avstraliyanın Baş naziri Antoni Albanese çərşənbə günü Avstraliya Yayım Korparasiyasına deyib ki, Kanberra hökuməti tərəfindən icazə verilən hər hansı hərbi təlim yalnız Ukrayna sərhədlərindən kənarda keçiriləcək.

"Biz NATO üzvü olmayan və [Ukraynaya] ən böyük yardım edən ölkəyik. Təklif Ukraynaya getmir. Təklif avstraliyalıların Avropada təlim üçün dəstək olub-olmamasıdır və digər müraciətlər kimi biz bunu da nəzərə alacağıq" , Albanese deyib.

Bu addımı Kanberradakı müxalifət millət vəkilləri dəstəkləyib. Bununla belə, müxalifət lideri Piter Dotton Avstraliya qüvvələrinin Ukraynaya hər hansı şəkildə yerləşdirilməsinin "təxribat hərəkəti" olacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG