Accessibility links

Rusiya Mikolayivə dağıdıcı zərbələr endirir


Prezident Volodimir Zelenski və regional rəsmilər aprelin 27-də Rusiya ordusunun döyüşlərin davam etdiyi Ukaynanın cənubundakı Mikolayiv şəhərini "yer-hava" raketləri ilə vurduğunu, nəticədə azı bir mülki vətəndaşın öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib. Ukrayna ordusunun verdiyi məlumata görə, Rusiyanın şərqdəki hücumunun episentrində olan Baxmuta nəzarət uğrunda döyüşlər davam edir.

Regional hərbi administrasiyanın rəhbəri Vitali Kim Telegram kanalında bildirib ki, Rusiya ordusu Mikolayivi dörd S-300 raketi ilə hədəf alıb. O, şəhərdə azı bir hündürmərtəbəli bina və iki şəxsi yaşayış binasının vurulduğunu bildirib.

Zelenski Telegram-da "Yüksək dəqiqlikli silahlar şəxsi evlərə, tarixi binaya və hündürmərtəbəli binaya yönəldilib. Hələlik bir nəfərin öldüyü, bir uşaq da daxil olmaqla, 23 yaralı haqda məlumatımız var" deyib.

Vitali Kim əvvəl yaralıların sayının 15 nəfər olduğunu bildirmişdi.

Mikolayivin meri Oleksandr Syenkeviç hücumdan sonra şəhərin bir hissəsinin işıqsız qaldığını deyib.

Mikolayiv vilayəti və onun paytaxtı son aylar Rusiyanın hücumlarına tez-tez məruz qalır.

Ukraynaya genişmiqyaslı işğalına başlayandan bəri göstərilən çox sayda sübutlara baxmayaraq, Rusiya mülki əhalini hədəf aldığını inkar edir.

Ukrayna Baş Qərargahının aprelin 27-də açıqladığı gündəlik məlumatında bildirdiyinə görə, Baxmut-Adviyivka-Mariyinka cəbhə xəttində şiddətli döyüşlər davam edir.

"Hücumçu əsas səylərini Baxmut, Avdiyivka və Maryinkadakı əməliyyatlarına cəmləşdirir. Ukrayna Müdafiə Qüvvələri burada son 24 saat ərzində 54 hücumu dəf edib. Baxmut və Maryinkada şiddətli döyüşlər davam edir" - deyə, ordu bildirib.

XS
SM
MD
LG