Accessibility links

Ukrayna və Rusiya keçən gecə bir-birinin onlarla pilotsuz təyyarəsini vurduğunu bildirib


Ukrayna cümə günü bildirib ki, ordusu gecə Xarkiv vilayətinin şərqində Rusiyanın 10 pilotsuz təyyarəsini vurub.

Bu arada, Rusiya Müdafiə Nazirliyi ordusunun gecə ərzində keçirdiyi əməliyyatlar zamanı dörd regionda – Kursk, Bryansk, Oryol, Krasnodar, eləcə də Qara dənizdə Ukraynanın 19 pilotsuz təyyarəsini vurduğunu bildirib.

Prezident Volodimir Zelenski Rusiyanın təcavüzünə qarşı iki ildir davam edən mübarizəyə rəhbərlik etmiş ölkənin ali hərbi komandanı, general Valeri Zalujnını vəzifəsindən azad edərək, onun yerinə general-polkovnik Oleksandr Sırskini təyin edib.

Müharibənin dalana dirəndiyi kimi göründüyü bir vaxt Zelenski bəyanatında Ukraynanı müdafiə etdiyinə görə bəziləri tərəfindən milli qəhrəman sayılan Zalujnı ilə görüşdüyünü və Moskva qüvvələrinə qarşı döyüşə rəhbərlik etdiyinə görə ona təşəkkür etdiyini bildirib.

Bununla belə Zelenski ordu rəhbərliyində dəyişiklik etməyin vaxtın çatdığını bildirib.

Zelenski X sosial media platformasında "Belə bir yeniləmənin vaxtıdır" deyə, bəyan edib.

"Biz Ukrayna Silahlı Qüvvələri üçün tələb olunan yenilənməni müzakirə etdik. Biz həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyinə kimin təyin edilə biləcəyini də müzakirə etdik" - deyə, o bildirib.

Zelenski əlavə edib ki, o, Zalujnıdan "komandanın bir hissəsi" olaraq qalmasını istəyib.

Zalujnı öz bəyanatında Zelenski ilə "vacib və ciddi söhbəti" olduğunu, döyüş taktikasını və strategiyasını dəyişdirmək qərarına gəlindiyini deyib.

Onun bəyanatında "2022-ci ilin tapşırıqları 2024-cü ilin tapşırıqlarından fərqlidir. Ona görə də hər kəs dəyişməli və yeni reallıqlara uyğunlaşmalıdır. Oraya birlikdə qalib gəlmək də daxildir" deyilib.

Rusiyada doğulub, boya-başa çatan Aleksandr Sırski 1980-ci ildən Ukraynada yaşayır. İlk hərbi təhsilini Moskva Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbində alıb. Sonra Ukrayna Silahlı Qüvvələri Akademiyasını və Ukrayna Milli Müdafiə Akademiyasını bitirib. 2019-cu ildən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib. 2022-ci ilin fevralında Sırsky Kyivin müdafiəsinə rəhbərlik etdi və bunun üçün sonradan Ukrayna Qəhrəmanı adına layiq görüldü.

Forum

XS
SM
MD
LG