Accessibility links

Ukrayna Rusiyanın 21 pilotsuz təyyarəsini vurduğunu bildirib


Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, keçən gecə Rusiyanın Ukrayna ərazilərinə hücumları zamanı istifadə etdiyi 22 pilotsuz təyyarədən 21-i vurulub.

Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin Çernihiv, Dnipropetrovsk, Kyiv, Poltava, Sumı və Jitomir vilayətləri üzərində vurulduğunu bildirib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Telegram kanalında yazıb ki, dronların hücumu zamanı mağazalara, idman klubuna və qaz kəmərinə ziyan dəyib, azı bir nəfər yaralanıb.

Çernihiv rəsmilərinin bildirdiyinə görə, Rusiya raketi elektrik şəbəkəsinə xəsarət yetirib.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı Belqorod, Bryansk və Tambov vilayətləri üzərində Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumlarının qarşısını aldığını bildirib.

Belqorod qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, dron üç nəfəri yaralayıb.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ-a Ukraynaya hərbi yardımla bağlı son açıqlamasına görə təşəkkür edib.

"Hava Hücumundan Müdafiə, artilleriya, tank əleyhinə silahlar, həmçinin “Patriot” və “NASAMS” raketləri üçün əlavə vəsait döyüşçülərimizi gücləndirəcək və döyüş meydanında imkanlarımızı artıracaq. Ukraynanın müdafiəsini gücləndirmək, Rusiyanın təcavüzünə qarşı effektiv mübarizə aparmaq və xalqımızı Rusiya terrorundan qorumaq üçün ABŞ-ın davamlı yardımına ümid edirik" - deyə, Zelenski bildirib.

Çərşənbə günü Pentaqon rəsmi olaraq Ukraynaya 2,3 milyard dollar dəyərində iki hissədən ibarət təhlükəsizlik yardımı paketini elan edib.

İlkin yardıma ABŞ ehtiyatlarından 150 milyon dollar dəyərində raketlər və artilleriya daxildir.

Əsas imkanlardan bəziləri Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün HAWK raketləri və Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün sursat daxildir.

Paketə həmçinin artilleriya mərmiləri, minaatanlar, boru ilə buraxılan, optik izləmə ilə idarə olunan, məftillə idarə olunan (TOW) raketləri və tank əleyhinə “Javelin” sistemləri daxildir.

Təxminən 2,2 milyard dollar dəyərində olan paketin ikinci hissəsi Ukraynanın “Patriot” raketdən müdafiə sistemləri və Yer-Hava Raket Sistemləri (NASAMS) üçün raketlərin alınmasına sərf olunacaq.

Forum

XS
SM
MD
LG